Brüsselin Ermənistan planı: Rusiyanın yerini Aİ tutur? – Politoloqdan diqqətçəkən sözlərbackend

Brüsselin Ermənistan planı: Rusiyanın yerini Aİ tutur? – Politoloqdan diqqətçəkən sözlər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avropa İttifaqının Ermənistanın ixrac məhsullarına gömrük güzəştləri tətbiq etmək qərarı Cənubi Qafqazda iqtisadi münasibətlərlə yanaşı, geosiyasi proseslərin də yenidən aktuallaşdığını göstərir. Bu addım Ermənistanın xarici ticarət imkanlarının genişləndirilməsi baxımından mühüm görünsə də, onun regionda formalaşan yeni iqtisadi və siyasi reallıqlara təsiri ayrıca diqqət tələb edir. Xüsusilə Azərbaycanın təşəbbüsü ilə inkişaf etdirilən regional kommunikasiya xətlərinin, nəqliyyat və tranzit imkanlarının fonunda Ermənistanın hansı iqtisadi modelə üstünlük verəcəyi regional sabitlik və inteqrasiya baxımından əhəmiyyət daşıyır. Bu mənada Aİ-nin İrəvana yönəlik iqtisadi təşəbbüslərinin yalnız ticarət çərçivəsində deyil, Cənubi Qafqazda təsir balansı kontekstində də qiymətləndirilməsi zəruridir. Məsələ ilə bağlı politoloq Tofiq Abbasov Editor.az-a açıqlamasında Aİ-nin regiondakı siyasətini, Ermənistanın iqtisadi seçimlərini və Azərbaycanın bu prosesdəki rolunu şərh edib.

Politoloq Tofiq Abbasov Editor.az-a açıqlamasında bildirib ki, Avropa İttifaqının Qafqaz siyasətində ciddi boşluqlar mövcuddur:

“İlk növbədə, Avropa İttifaqı yaxşı anlayır ki, Qafqaz regionu onun üçün strateji əhəmiyyət daşıyır. Çünki məhz bu bölgə üzərindən şərqə doğru mühüm qapılar açılır. Regionun iqtisadi, sosial və müəyyən mənada siyasi dinamikasını formalaşdıran əsas aktorlardan biri isə Azərbaycandır.

Təbii ki, Brüsselin üç Cənubi Qafqaz ölkəsinə — Azərbaycan, Ermənistan və Gürcüstana münasibəti eyni deyil. Avropa İttifaqının yanaşmasında bu ölkələrin hər birinə fərqli prizmalardan baxılır.

Əsas məsələ ondan ibarətdir ki, hazırda Brüssel, demək olar, bütün imkanlarından istifadə edərək Ermənistanı Rusiyadan uzaqlaşdırmağa çalışır. Ermənistana ayrılan tranşlar, müxtəlif dəstək paketləri və maliyyə yardımları təsadüfi xarakter daşımır. Mən hesab edirəm ki, indiki mərhələdə Avropa İttifaqı üçün əsas məqsədlərdən biri Ermənistanın Rusiyadan iqtisadi və siyasi asılılığını azaltmaqdır.

Amma burada başqa bir sual ortaya çıxır: əgər bu proses nəticəsində Ermənistan Rusiyadan tamamilə uzaqlaşarsa, Avropa İttifaqı onun iqtisadi və sosial yükünü nə dərəcədə üzərinə götürməyə hazır olacaq? Ermənistanın kifayət qədər ciddi iqtisadi və sosial problemləri, struktur çatışmazlıqları var. Bu yükün uzunmüddətli perspektivdə Avropanın üzərinə keçirilməsi real görünmür. Avropa İttifaqı özü də qonşuluq və Şərq siyasətində, eləcə də Qafqazla münasibətlərində, bir qayda olaraq, verdiyindən daha çox siyasi və iqtisadi dividendlər əldə etməyə çalışıb”.

T. Abbasovun sözlərinə görə, Azərbaycan bu prosesdə özünəməxsus mövqeyə malikdir və Bakı üçün əsas prinsip Avropa İttifaqı ilə münasibətlərin bərabərhüquqlu əsasda qurulmasıdır:

“Azərbaycanın əsas mövqeyi ondan ibarətdir ki, biz Avropa İttifaqı ilə münasibətlərimizi qarşılıqlı hörmət və bərabərhüquqluluq prinsipləri əsasında qururuq. Heç vaxt imkan vermirik ki, bizə yuxarıdan aşağı münasibət göstərilsin.

Ermənistan isə bu məsələdə, mən deyərdim, müəyyən mənada siyasi alverə gedib. Yanaşma təxminən belədir: “Mən Rusiyadan uzaqlaşıram, onlar bizə müxtəlif məhdudlaşdırıcı tədbirlər tətbiq edirlər, ixrac imkanlarımızı məhdudlaşdırırlar, siz isə bizə dəstək verməlisiniz”. Bəli, müəyyən müddət ərzində Avropa ölkələri Ermənistanın kənd təsərrüfatı məhsullarına, gülçülük məhsullarına, digər ixrac məhsullarına, hətta konyak və bu kimi məhsullara daha əlverişli rejim tətbiq edə və Ermənistan üçün Avropa bazarlarına müəyyən imkanlar aça bilər.

Lakin əsas sual bunun nə dərəcədə davamlı və uzunmüddətli strategiyaya çevrilə biləcəyidir. Mən hesab etmirəm ki, bu imkanlar Ermənistan üçün daimi və genişmiqyaslı çıxış yolu olacaq. Çünki Avropa İttifaqının öz bazarlarında kifayət qədər ciddi rəqabət və sıxlıq mövcuddur. Ölkələr üzrə bazar payları və kvotalar artıq müəyyənləşdirilib.

Bunun ən bariz nümunələrindən biri Ukrayna ilə bağlı Avropada yaranan narazılıqlardır. Ukrayna kənd təsərrüfatı məhsullarının Avropa bazarına çıxışının genişləndirilməsi bir sıra ölkələrdə yerli istehsalçıların ciddi etirazları ilə qarşılaşıb. Çünki Avropa bazarında paylar və kvotalar əvvəlcədən bölüşdürülüb. Belə bir şəraitdə Ermənistanın əlavə məhsul həcmləri ilə həmin bazara daxil olması Avropanın bütün üzvləri tərəfindən eyni dərəcədə müsbət qarşılanmaya bilər.

Bu baxımdan hesab edirəm ki, burada Avropa İttifaqının siyasətində müəyyən ziddiyyətlər ortaya çıxır. Rəsmi Brüssel siyasi prioritetləri bəzən iqtisadi reallıqlardan üstün tutur. Ermənistan məsələsində də bu yanaşmanın uzunmüddətli perspektivdə nə dərəcədə səmərəli olacağı sual doğurur.

Çünki Ermənistanın iqtisadi və regional baxımdan inkişafını təmin edə biləcək əsas imkanlar ilk növbədə Azərbaycan və Türkiyə ilə əlaqələrin normallaşdırılması və əməkdaşlığın genişləndirilməsindən keçir. Ermənistan üçün qərbə və digər istiqamətlərə çıxış imkanlarının açılması baxımından da məhz bu iki ölkənin rolu xüsusi əhəmiyyət daşıyır. Əgər Ermənistanın siyasi rəhbərliyi və elitaları bu reallığı nəzərə almırlarsa, bu, onların regiondakı prosesləri düzgün qiymətləndirmədiklərini göstərir.

Avropa İttifaqı isə bu reallığı yaxşı bilir və görür. Bununla belə, Qafqaz siyasətində elə addımlar atılır ki, Azərbaycanla Ermənistan arasında yaxınlaşma və iqtisadi inteqrasiya imkanları məhdudlaşır, sülh prosesinin daha geniş regional əməkdaşlığa çevrilməsi çətinləşir.

Xüsusilə Zəngəzur dəhlizinin açılması məsələsində Avropanın mövqeyi, mənim fikrimcə, konstruktiv deyil. Bu mövqe açıq şəkildə ifadə olunmasa da, müəyyən addımlar regionda kommunikasiya imkanlarının genişlənməsinə maneə yaradır. Hətta bu yanaşma ABŞ-ın təşəbbüsləri ilə müəyyən ziddiyyətlər də yarada bilər. Çünki 8 avqust 2025-ci ildə Vaşinqtonda, Ağ Evdə Azərbaycan və Ermənistan arasında sülh prosesinin mühüm mərhələsi kimi sənədlərin paraflanması baş verib. Bu, regionda yeni siyasi reallığın formalaşdığını göstərir. Buna baxmayaraq, Avropa İttifaqının həmin prosesə öz maraqları çərçivəsində təsir göstərməyə çalışması müşahidə olunur.

Burada sual yaranır: Avropanın marağı nədən ibarətdir? Mən hesab edirəm ki, əsas məqsədlərdən biri Azərbaycanla ayrıca, Ermənistanla isə ayrıca siyasi münasibət modeli formalaşdırmaq və bu iki ölkə arasında qarşılıqlı etimadın dərinləşməsinə mane ola biləcək platformaların yaranmasına şərait yaratmaqdır.

Təsadüfi deyil ki, Avropa İttifaqının regionda fəaliyyət göstərən missiyaları da müxtəlif suallar doğurur. Onların fəaliyyətinin mahiyyəti və real məqsədləri ilə bağlı cəmiyyətdə fərqli yanaşmalar mövcuddur. Bu baxımdan həmin missiyaların fəaliyyətinin yalnız sülh və təhlükəsizlik kontekstində deyil, daha geniş geosiyasi çərçivədə də qiymətləndirilməsi zəruridir.

Ona görə hesab edirəm ki, Avropa İttifaqının Ermənistan siyasətində müəyyən ikili standartlar və geosiyasi maraqlar açıq şəkildə görünür. Digər tərəfdən, Brüsselin Ermənistanı öz siyasi təsir dairəsinə daha çox cəlb etməyə çalışdığı müşahidə olunur. Bu baxımdan Rusiyanın vaxtilə Ermənistan üzərində formalaşdırdığı təsir mexanizmlərinin fərqli formada Avropa tərəfindən təkrarlanması ehtimalı da nəzərdən keçirilməlidir.

Mən hesab edirəm ki, bu istiqamətin son nəticəsi Cənubi Qafqaz üçün müsbət olmaya bilər. Azərbaycan artıq Ermənistan üçün regional inteqrasiyanın geniş imkanlarını ortaya qoyub. Bizim siyasətimizin əsas istiqamətlərindən biri Ermənistanın regional iqtisadi sistemə inteqrasiyası, onun kommunikasiya və tranzit imkanlarının genişləndirilməsi, eyni zamanda ölkənin iqtisadi subyektivliyinin gücləndirilməsidir.

Azərbaycan Ermənistan üçün nəqliyyat və tranzit imkanlarının açılmasını, regional əməkdaşlığın genişlənməsini və qarşılıqlı iqtisadi əlaqələrin qurulmasını təklif edir. Ermənistan bu imkanlardan imtina edərək diqqətini yalnız Avropaya və ya başqa bir geosiyasi mərkəzə yönəldərsə, bunun uzunmüddətli perspektivdə onun öz maraqlarına nə dərəcədə cavab verəcəyi ciddi sual olaraq qalır.

Geosiyasi baxımdan Ermənistan üçün ən doğru strategiya regionun reallıqlarını nəzərə almaq və Azərbaycanla əməkdaşlıq imkanlarını maksimum dərəcədə genişləndirməkdir. Yalnız bu halda Ermənistan üçün ciddi iqtisadi və siyasi üstünlüklər yarana bilər.

Əks təqdirdə, bütün ümidlərini Avropaya bağlayan İrəvanın uzunmüddətli perspektivdə ciddi çətinliklərlə üzləşməsi mümkündür. Çünki Avropa İttifaqının Ermənistanla bağlı yanaşması təkcə iqtisadi maraqlarla məhdudlaşmır və burada daha geniş geosiyasi məqsədlər də mövcuddur”.

//Gülnarə Abasova, Editor.az