Alimlər gec yatmağa və səhər gec oyanmağa meyilli insanların, yəni “gecəquşlarının”, psixi sağlamlıq problemləri ilə daha çox üzləşə biləcəyini müəyyən ediblər. Araşdırmaya əsasən, bu insanlar səhər saatlarında aktiv olmağa üstünlük verən “torağaylarla” müqayisədə daha çox narahatlıq və depressiya əlamətləri yaşayır, həmçinin iş və şəxsi həyat arasında balans yaratmaqda daha çox çətinlik çəkirlər.
Editor.az xəbər verir ki, tədqiqatın nəticələri “Sleep Health” elmi jurnalında dərc olunub.
Alimlərin fikrincə, bu əlaqədə əsas rol gecə saatlarında aktiv olan insanların işdən sonra kifayət qədər bərpa oluna bilməməsidir. İnsanların səhər və ya axşam saatlarında daha aktiv olmağa təbii meyli xronotip adlanır. Xronotip yalnız yuxu rejiminə deyil, insanın gündəlik fəaliyyətinə və psixoloji vəziyyətinə də təsir göstərə bilər.
Tədqiqatçılar bildirirlər ki, müasir iş rejimi əsasən səhər erkən saatlarda fəaliyyət göstərən insanlar üçün formalaşıb. Bu səbəbdən gecə aktiv olan şəxslər öz bioloji ritmlərinə uyğun gəlməyən vaxtda oyanmağa məcbur qalır, nəticədə yuxusuzluq və stress arta bilər.
Şərqi Finlandiya Universitetindən İ. Merikantonun rəhbərlik etdiyi araşdırmada 2 266 işləyən finlandiyalı iştirak edib. Tədqiqat zamanı iştirakçılar səhər saatlarında aktiv olanlar, axşam saatlarında daha fəal olanlar və aralıq xronotipə sahib insanlar olmaqla üç qrupa bölünüblər.
Alimlər iştirakçıların narahatlıq və depressiya əlamətlərini, işdən sonra psixoloji baxımdan “uzaqlaşmaq” və bərpa olunmaq qabiliyyətini, eləcə də işlə bağlı məsələlərin şəxsi həyata təsirini qiymətləndiriblər.
Nəticələr göstərib ki, psixi sağlamlıqla bağlı problemlər xüsusilə gecə aktivliyi yüksək olan insanlarda daha qabarıq şəkildə müşahidə edilir. Araşdırma zamanı bu fərqin yalnız həyat tərzi ilə bağlı olmadığı müəyyənləşdirilib. Müxtəlif xronotiplərə sahib insanların gündəlik vərdişləri arasındakı fərqlər psixoloji vəziyyətdəki fərqi tam izah etməyib.
Tədqiqatçılar əsas əlaqələndirici amilin işdən sonra bərpa olunmaqda çətinlik olduğunu müəyyən ediblər. Axşam saatlarında aktiv olan insanlar iş günündən sonra daha çətin dincəlir və daha uzun müddət işlə bağlı psixoloji gərginlik vəziyyətində qalırlar.
Alimlərin fikrincə, gecə aktiv olan insanlar istirahət və bərpa prosesinə daha çox diqqət yetirməli, mümkün olduğu hallarda isə onların bioloji ritminə uyğun daha çevik iş qrafiki tətbiq edilməlidir. Tədqiqat müəllifləri işəgötürənlərin əməkdaşların xronotipini nəzərə almasının narahatlıq və depressiya riskinin azalmasına kömək edə biləcəyini düşünürlər.
Bununla belə, alimlər vurğulayırlar ki, araşdırma gec yatmağın birbaşa depressiya və ya narahatlığa səbəb olduğunu sübut etmir. Tədqiqat yalnız xronotip, işdən sonra bərpa olunma qabiliyyəti və psixi sağlamlıq arasında əlaqənin olduğunu göstərir.
//Gülnarə Abasova, Editor.az

