CNN-in verdiyi məlumata görə, ABŞ və Çin arasında geosiyasi fikir ayrılıqları kəskinləşməyə başlayır. Diqqət Baydenin Kiyevə və Çin diplomatiyasının rəhbəri Vanq Yinin Moskvaya səfərlərinin eyni vaxta təsadüf etməsinə yönəldilib.
Məlumatda vurğulanıb ki, Çinin Ukrayna ilə bağlı sülh təşəbbüsləri, çox güman ki, Avropa və ABŞ arasında gərginlik yaratmaq üçün irəli sürülür. Pekin müharibəyə son qoymaq təklifləri ilə yanaşı, “öz geosiyasi maraqlarını təmin etmək və silah istehsalçılarının gəlirlərini artırmaq üçün müharibəni qəsdən uzadan” ABŞ-ı tənqid edir.
Maraqlıdır ki, Çinin regionda maraqları nədən ibarətdir? ABŞ-ın narahatlığına səbəb nədir?
Məsələ ilə bağlı Editor.az-a açıqlama verən Politoloq Yeganə Hacıyeva bildirib ki, Rusiya və Çin uzun illərdir ki, beynəlxalq münasibətlərdə bir-birilərinin qarşılıqlı mövqelərini müdafiə edirlər:
“Ümumilikdə isə istər Avropa ölkələri, istərsə də ABŞ prosesləri qlobal siyasi müstəvidə Rusiyanın əleyhinə çevirdikdə birmənalı şəkildə Çin sözügedən proseslərin əleyhinə gedib.Rusiya da Çinə münasibətdə eyni yanaşmanı sərgiləyib. BMT Təhlükəsizlik Şurası formalaşan ilk gündən belə bir ittifaq mövcuddur və burda Rusiya və Çin daima bir yerdədir. Çox az hallarda rast gəlinib ki, Çinin razılıq verdiyi hər hansı qərara Rusiya neytral qalsın və ya əksinə, Rusiya Çinin təkliflərini dəstəkləməsin” .
Politoloqun fikrincə, Ukrayna məsələsində isə vəziyyət bir qədər fərqlidir:
“Ən yeni tarixdə Rusiyanın müxtəlif region və regionlararası mövqeyinin zəifləməsini izləyərik. Rəsmi Moskvanın mövqeyinin zəiflədiyi bölgələrdə isə Çin möhkəmlənməyə çalışır və bunun öhdəsindən məharətlə gəlir.Ən yeni tarixin bir tendensiyası da odur ki, ABŞ və Rusiyanın mübarizəsindən həmişə Çin qazanıb. Eyni hadisə indi Ukraynada təkrarlanır. 2014-cü ildə müharibənin tez dayanmasına təkan verən səbəblərdən biri kimi Ukrayna daxili problemlərini qabardır. Amma bu, belə deyil. Ukraynada müharibə kənar təsirlər nəticəsində dayandı. Ancaq Krım ilhaq edildi və başqa ərazilərə keçilmədi. Onda Rusiya ilə Ukrayna hakimiyyəti arasında münasibətlər indiki ilə müqayisədə daha dərin idi. Yəni Rusiyaya nifrət o qədər becərilməmişdi. Ordu tam formalaşmamışdı. Proseslər Rusiya üçün indikinə nisbətdə daha asan ola bilərdi. Amma rəsmi Moskvanın ələ keçirdiyi ərazilərdə Çin də daxil olmaqla xarici maraqları zədələməsi Pekinin də Rusiyanın üzərinə gəlməsinə səbəb oldu. Çin və Rusiyanın ən böyük konfrantasiyasını Qazaxıstanda gördük. Ukrayna müharibəsində isə Rusiya əvvəlki səhvlərindən nəticə çıxartdı, ona görə də müharibə başlar-başlamaz Ukrayna ərazisində Çinin mülkiyyətinə toxunulmaması ilə bağlı öhdəlik götürdü”.
Yeganə Hacıyeva qeyd edir ki, bu gün Rusiyanın yanında olmaq Çinin xeyirinə deyil:
“Bunun səbəbi odur ki, Rusiya kimi Çinin də bütün dünyada ən vacib xarici tərəfdaşı məhz Qərb adlandırdığımız Avropa ölkələri, ABŞ-dır. 2021-2022-ci ildə Çinin xarici ixracat dövriyyəsi 10 trilyon olub. Bundan Rusiyanın xeyrinə cəmi 141 milyard düşür. Bu göstəriciyə əsasən digər tərəfdaşlarla da münasibətin korlanmasını gözə almayacaq. Bu mərhələdə indiyənə qədər verilən gizli dəstəklər hələ də davam edir. Lakin birbaşa silah dəstəyi verilməyəcək. ABŞ-ın narahatlığına əsas yoxdur. O sadəcə Çinə xəbərdarlıq edir ki, bu kimi hallar baş tutmasın”.
//Safura Bənnayeva, Editor.az