Simonyandan daha bir HƏDDİ aşan addım – Fransızlarla Araik SÖHBƏTİbackend

Simonyandan daha bir HƏDDİ aşan addım – Fransızlarla Araik SÖHBƏTİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Aprelin 21-də Ermənistan parlamentinin sədri Alen Simonyan Fransa Senatının Fransa-Ermənistan Dostluq Qrupunun sədri Gilbert-Luk Dvinazın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Musavat.com erməni mediasına istinadla yazır ki, görüşdə qarşılıqlı səfərlərin təşkilinin vacibliyini vurğulanıb. Simonyan Fransa Senatının nümayəndə heyətinin diqqətini Azərbaycanda həbsdə olan hərbi canilər və itkin düşmüş şəxslər məsələsinə cəlb edib.

Yada salaq ki, aprelin 9-da Simonyan Avstriya Milli Şurasının Avstriya-Ermənistan-Gürcüstan Parlament Dostluq Qrupunun sədri Martina fon Künsberq-Sarrerin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edərkən eyni mövzunu müzakirə etmişdi. Ötən həftə isə Simonyan İstanbulda 152-ci Parlamentlərarası İttifaqın Forumunda Ermənistanla Azərbaycan arasında davamlı barışığa nail olmaq üçün “humanitar məsələlər həll edilməli” olduğunu deyərkən ciddi səhvə yol verib. Erməni spiker “19 erməni məhbusun azad edilməsinin zəruriliyi”ndən danışıb.

Ermənistanda iqtidar və müxalifət, həmçinin media və vətəndaş cəmiyyəti, o cümlədən revanşist-daşnak qüvvələri ilə separatçılar “mismarı eyni yerə vurur” – Bakıda məhkum olunan keçmiş xunta rejiminin əsas fiqurlarının həbsinə.

Son aylar bu mövzu tez-tez gündəmə gətirilir. Erməni diaspor və lobbisi də olduqca aktivdir. Onlar da ABŞ, Fransa, Benilüks ölkələri, Avropa Parlamenti, Avropa Şurası və başqa platformalarda həbsdə olan erməni qatillərin məsələsini qaldırırlar. Bununla da Azərbaycan əleyhinə siyasətin yeni konturları erməni məhbuslar üzərində çizilir. Erməni tərəfi Azərbaycan ərazisində mövcud olmuş keçmiş cinayətkar rejimin antiterror əməliyyatından sonra həbs edilən xuntaçıları beynəlxalq ictimaiyyətə “siyasi məhbus” kimi qələmə verir.

Bu şəxslərin isə Ermənistana aidiyyatı yoxdur və Azərbaycan ərazisində dövlət içində “dövlət” qurmağa çalışıblar. Onlar bu illər ərzində ağır cinayətlər törədiblər və məhkəmə prosesində bütün sübutlar təqdim olunub, özləri də etiraf ediblər. Eyni cinayətkar fəaliyyət və separatçı-xuntaçı rejim Ermənistan ərazisində və ya Avropa dövlətlərində olsaydı, necə davranardılar…