Elmar Məmmədov: “Azərbaycanda mütəşəkkil cinayətkarlığa qarşı prinsipial mübarizə aparılır”backend

Elmar Məmmədov: “Azərbaycanda mütəşəkkil cinayətkarlığa qarşı prinsipial mübarizə aparılır”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Azərbaycanın ən mühüm nailiyyətlərindən biri ölkədə ictimai sabitliyin və təhlükəsizliyin təmin olunmasıdır.

Dövlətin qətiyyətli siyasəti nəticəsində cinayətkar qruplaşmaların cəmiyyətə təsir imkanları ciddi şəkildə məhdudlaşdırılıb. Mütəşəkkil cinayətkarlığa, “qanuni oğru” anlayışının təbliğinə, cinayətkar submədəniyyətin yayılmasına və qanundan kənar təsir mexanizmlərinin formalaşdırılmasına qarşı mübarizə dövlətin hüquq siyasətində mühüm yer tutur”.

Bunu “Azərbaycan–Ukrayna” Beynəlxalq Alyansının sədri Elmar Məmmədov bildirib.

O qeyd edib ki, Azərbaycanda ictimai asayişin qorunması, vətəndaşların təhlükəsizliyinin təmin edilməsi və qanunun aliliyinin möhkəmləndirilməsi Prezident İlham Əliyevin həyata keçirdiyi ardıcıl dövlət siyasətinin prioritet istiqamətlərindəndir.

Elmar Məmmədovun sözlərinə görə, bu siyasətin həyata keçirilməsində Daxili İşlər Nazirliyinin fəaliyyəti xüsusi əhəmiyyət daşıyır. O, daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun rəhbərliyi ilə hüquq-mühafizə orqanlarının ictimai təhlükəsizliyin təmin edilməsi, cinayətkarlığa qarşı mübarizə və hüquq qaydasının qorunması istiqamətində fəaliyyətini yüksək qiymətləndirib.

Alyans sədri vurğulayıb ki, təhlükəsizliyin təmin olunması yalnız cinayətlərin qarşısının alınması deyil, həm də vətəndaşların dövlətə və hüquq-mühafizə orqanlarına inamının möhkəmləndirilməsi baxımından vacibdir. Onun fikrincə, ölkədə sabitliyin qorunması insanların gündəlik həyatına, turizmin inkişafına və investisiya mühitinə müsbət təsir göstərən mühüm amillərdəndir.

Elmar Məmmədov hesab edir ki, qanunun aliliyinin təmin edilməsi, cinayətkar qruplaşmalara qarşı prinsipial mübarizə və ictimai təhlükəsizliyin qorunması Azərbaycanın dayanıqlı inkişafının əsas şərtlərindəndir.