“İran regionda ABŞ-nin mövcudluğu ilə bağlı narahatlıq keçirsə də, Ermənistana etibar edir”.
Bunu İranın xarici işlər naziri Abbas Əraqçi İrəvanda bildirib.
“Regionda və ətrafımızda ABŞ-nin istənilən mövcudluğu ilə bağlı narahatlığımız var. Bununla belə, erməni dostlarımızla sıx əlaqələr saxlayır və onlara etibar edirik”, – iranlı nazir deyib.
Əraqçinin sözlərinə görə, Tehran Ermənistanın İranın təhlükəsizliyinə qarşı hər hansı addım atmadığına əmindir. O, Ermənistan rəsmiləri ilə məsləhətləşmələrin davam etdiyini bildirib.
Nikol Paşinyan hökumətinin ABŞ ilə bağlılığı məlumdur. ABŞ-nin zabitləri indiyə qədər Ermənistanda təlimlər keçiblər. Ermənistanda yerləşən ABŞ səfirliyi regionda ABŞ-nin ən böyük səfirliyidir. Baxmayaraq ki, Ermənistan kiçik ölkədir, ABŞ-nin bu ölkədəki səfirliyinin 2 min əməkdaşı olduğu deyilir. ABŞ-nin bölgədə mövcudluğuna elə bügünkü Ermənistan xüsusi qucaq açır. Belə bir reallıq ortada olduğu halda İranın “Ermənistana etibar edirik” deməsi məntiqli deyil, özünü aldatmaqdır.

Politoloq Xəyal Bəşirov Musavat.com-a bildirib ki, Abbas Əraqçinin İrəvanda səsləndirdiyi fikirlərdə açıq ziddiyyət görünür:
“Tehranın bu mövqeyi ən azı ciddi suallar doğurur. ABŞ-nin regional təsirindən narahat olan İran necə əmin ola bilər ki, həmin təsirin genişlənməsinə şərait yaradan Ermənistan gələcəkdə onun təhlükəsizlik maraqlarına zərbə vurmayacaq? Nazir regionda ABŞ-nin istənilən mövcudluğundan narahat olduqlarını bildirir, eyni zamanda erməni dostlarına güvəndiklərini və Ermənistanın İranın təhlükəsizliyinə qarşı addım atmayacağına əmin olduqlarını deyir. Bəs bu əminlik nəyə əsaslanır? Ermənistanın ABŞ ilə yaxınlaşması, hərbi əməkdaşlığı və Vaşinqtonun Cənubi Qafqazda mövqelərini möhkəmləndirmək cəhdləri Tehranın diqqətindən kənarda qala bilməz. Belə şəraitdə Ermənistanın xoş niyyətinə güvənmək nə dərəcədə əsaslıdır? Görünür, Tehran Ermənistanla münasibətləri qorumaq naminə müəyyən reallıqları ikinci plana keçirir. Lakin bu gün İrəvanın Vaşinqtonla yaxınlaşması onun sabah hansı qərarlar verəcəyinə dair İrana heç bir mütləq təminat vermir. ABŞ-nin Ermənistanda mövqelərini gücləndirməsi təkcə ikitərəfli münasibətlər məsələsi deyil. Bu, bütövlükdə Cənubi Qafqazda güc balansına təsir göstərən prosesdir. İran ABŞ-nin bölgədəki təsirini öz təhlükəsizliyi üçün risk hesab edirsə, Ermənistanın bu prosesdəki roluna da eyni prizmadan baxmalıdır. Tehran üçün əsas sual Ermənistanın bu gün hansı vədləri verməsi deyil, gələcəkdə ABŞ-nin maraqları ilə İranın maraqları toqquşacağı təqdirdə hansı mövqeni tutacağıdır. İran bir tərəfdən Vaşinqtonun regional fəallığından narahatlığını ifadə edir, digər tərəfdən isə həmin fəallığın artmasına şərait yaradan İrəvana güvəndiyini bildirir. Bu, İranın təhlükəsizlik siyasətində ciddi suallar yaradan yanaşmadır”.
Politoloq qeyd edib ki, diplomatik münasibətləri qorumaq naminə mümkün təhlükəsizlik risklərini görməzdən gəlmək düzgün strategiya sayıla bilməz:
“İran anlamalıdır ki, Ermənistanın xarici siyasətində əsas meyar Tehranın narahatlıqları deyil, İrəvanın öz maraqlarıdır. Ermənistanın Vaşinqtonla yaxınlaşmasının mümkün nəticələrini nəzərə almadan ona güvənmək özünü aldatmaq riski yaradır”.

