Ağciyərinin bir hissəsi çıxarılan Papa sağalır: Son vəziyyəti açıqlandı – FOTObackend

Ağciyərinin bir hissəsi çıxarılan Papa sağalır: Son vəziyyəti açıqlandı – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Papa XIV Leo ağciyər xərçənginə görə keçirdiyi əməliyyatdan sonra xəstəxanada tədricən yaxşılaşır. Vatikanın cümə günü yaydığı məlumata görə, pontifik artıq gündəlik işlərini müstəqil şəkildə yerinə yetirə bilir.

Editor.az “Reuters”ə istinadən xəbər verir ki, Vatikanın bildirdiyinə görə, Papa XIV Leo xəstəxanaya yerləşdirildikdən sonra ilk dəfə bazar günü ictimaiyyət qarşısına çıxacaq. O, ənənəvi “Angelus” duasını oxuyacaq. Bununla yanaşı, pontifikin noyabr ayında Cənubi Amerikaya planlaşdırılan səfərinə hazırlıqlar davam edir.

Həkimlər Papaya ağciyər adenokarsinoması diaqnozu qoyublar. Bu, ağciyər xərçənginin ən geniş yayılmış növlərindən biridir. XIV Leo çərşənbə axşamı əməliyyat olunub və sağ ağciyərinin aşağı payı çıxarılıb.

Vatikan cümə günü əməliyyatdan sonra Papa XIV Leonun ilk fotolarını da yayımlayıb. Görüntülərdə pontifik müqəddəs ayin keçirərkən və heç kimin köməyi olmadan ayaq üstə dayanarkən əks olunub.

Vatikanın nümayəndəsi bildirib ki, həkimlər Papanın xəstəxanadan nə vaxt buraxılacağı ilə bağlı hələlik yeni məlumat verməyiblər. İlkin açıqlamada qeyd olunan təxminən bir həftəlik müddətdən başqa, xəstəxanadan çıxış tarixi dəqiqləşdirilməyib.

71 yaşlı XIV Leonun noyabrın 6-dan 17-dək Uruqvay, Argentina və Peruya səfər etməsi planlaşdırılır. Perunun prezidenti Keyko Fuximori səfərin təxirə salına biləcəyi ehtimalını dilə gətirmişdi. Bununla belə, Vatikanın səfəri işıqlandıracaq jurnalistlərin siyahısını açıqlaması hazırlıq işlərinin davam etdiyini göstərir.

Hələlik pontifikin xəstəxanadan çıxacağı dəqiq tarix və planlaşdırılan səfərin baş tutub-tutmayacağı barədə yekun qərar açıqlanmayıb.

\\ Aydan Bünyatova, Editor.az