Həkim tez-tez baş verən hıçqırığın hansı xəstəliklərdən xəbər verə biləcəyini açıqlayıbbackend

Həkim tez-tez baş verən hıçqırığın hansı xəstəliklərdən xəbər verə biləcəyini açıqlayıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tez-tez baş verən və uzun müddət davam edən hıçqırıq mədə-bağırsaq sistemi xəstəlikləri, şəkərli diabet və digər ciddi sağlamlıq problemləri ilə əlaqəli ola bilər.

Editor.az xəbər verir ki, bu barədə rusiyalı həkim-terapevt və qastroenteroloq, tibb elmləri namizədi Dmitri Karpenko açıqlamasında bildirib.

Onun sözlərinə görə, hıçqırıq diafraqmanın qeyri-iradi yığılması nəticəsində yaranan refleksdir. Həddindən artıq yemək, spirtli içkilər, çox isti və ya soyuq qidalar bu refleksi tətikləyə bilər. Lakin hıçqırığın müntəzəm şəkildə, aşkar səbəb olmadan baş verməsi bəzi xəstəliklərin göstəricisi ola bilər.

Mütəxəssis qeyd edib ki, davamlı hıçqırıq qastroezofageal reflüks xəstəliyi, diafraqmanın qida borusu dəliyinin yırtığı, mədə xorası, pankreatit və qaraciyər xəstəlikləri ilə əlaqəli ola bilər. Bəzi hallarda qida borusu və ya mədədə yaranan şişlər də bu simptomun səbəbləri sırasında yer ala bilər.

Həkimin sözlərinə görə, maddələr mübadiləsinin pozulması, diabetik neyropatiya, böyrək çatışmazlığı, eləcə də orqanizmdə kalium və kalsium çatışmazlığı da hıçqırığın yaranmasına səbəb ola bilər. Bundan başqa, pnevmoniya, plevrit, qulaq, boğaz və burun nahiyəsindəki iltihabi proseslər də bu refleksi tətikləyə bilər.

Karpenko vurğulayıb ki, hıçqırıq tez-tez təkrarlanırsa və ya fasiləsiz olaraq 48 saatdan çox davam edirsə, həkimə müraciət etmək lazımdır. Uzun müddət davam edən hıçqırığı xalq təbabəti üsulları ilə aradan qaldırmağa çalışmaq və həkim məsləhəti olmadan dərman qəbul etmək təhlükəli ola bilər.

Mütəxəssis əlavə edib ki, əsas xəstəliyin vaxtında müəyyənləşdirilməsi və müalicəsi simptomun aradan qaldırılmasına, eləcə də mümkün fəsadların qarşısının alınmasına kömək edə bilər.

//Gülnarə Abasova, Editor.az