Dünya siyasətində diqqətçəkən mənzərə yaranıb. ABŞ Prezidenti Donald Tramp və İsrailin Baş naziri Benyamin Netanyahunun siyasi müttəfiqləri ardıcıl seçki məğlubiyyətləri ilə üzləşirlər. Braziliyada Trampın dəstəklədiyi siyasi düşərgə ilə əlaqələndirilən Jair Bolsonaronun oğlu Flavio Bolsonaro prezident seçkilərində hazırkı dövlət başçısı Lula da Silvaya uduzub. Serbiyada isə Aleksandar Vuçiçin hakim siyasi qüvvəsi tələbələrin dəstəklədiyi müxalif koalisiyanın qələbəsini etiraf edib.
Tramp və Netanyahunun beynəlxalq müttəfiqlərinin məğlubiyyəti qarşıdan gələn seçkilər ərəfəsində xüsusi əhəmiyyət daşıyır. İsraildə Netanyahu hökumətinin gələcəyi, ABŞ-da isə Konqresə nəzarətin hansı siyasi qüvvənin əlinə keçəcəyi ilə bağlı mübarizə fonunda bu nəticələrin yaratdığı siyasi ab-hava da diqqət mərkəzindədir.
Bu nəticələr təsadüfi siyasi hadisələrdir, yoxsa müxtəlif ölkələrdə seçicilərin hakimiyyətlərə və onların xarici siyasətinə münasibətində daha geniş dəyişikliklərin göstəricisidir? Braziliya və Serbiyada baş verənlər İsrail və ABŞ-da seçicilərin qərarlarına təsir göstərə bilərmi?
Globalinfo.az-a danışan politoloq Yusif Bağırzadə deyib ki, braziliyada keçirilən seçkinin nəticəsi Latın Amerikasında sağ və sol siyasi qüvvələr arasındakı rəqabət baxımından əhəmiyyətlidir:
“Məlumdur ki, Flavio ABŞ Prezidenti Donald Trampla ideoloji baxımdan yaxın olan keçmiş prezident Jair Bolsonaronun oğludur. Bununla belə, nəticəni yalnız Trampın beynəlxalq müttəfiqlərinin zəifləməsi ilə izah etmək olmaz. Braziliyada seçicilərin qərarında iqtisadi vəziyyət, sosial siyasət, siyasi qütbləşmə və Bolsonaronun siyasi irsi ilə bağlı münasibəti də mühüm rol oynayıb.
Serbiyada baş verənlər isə başqa bir tendensiyanı üzə çıxarır. Bilirik ki, Serbiyada tələbə hərəkatı 2024-cü ildə Novi-Sadda dəmir yolu stansiyasının örtüyünün çökməsi və 16 nəfərin ölümü ilə nəticələnən faciədən sonra güclənib. Sonrakı dövrdə korrupsiya iddiaları, dövlət institutlarının hesabatlılığı və hakimiyyətin idarəçilik üsulları ilə bağlı narazılıqlar genişlənib. Bunun nəticəsidir ki, son seçkilərdə tələbələrin mövqeyini müdafiə edən tərəf qalib gəlib. Bu nəticə göstərir ki, ənənəvi siyasi partiyalardan kənarda formalaşan ictimai hərəkatlar da seçicilərin narazılığını siyasi nəticəyə çevirə bilər. Burada əsas amil ABŞ və İsraillə münasibətlərdən daha çox, Serbiyanın daxili siyasi vəziyyətidir.

Yusif Bağırzadə
Belə vəziyyət fonunda diqqətlərin İsrail və ABŞ-da keçiriləcək seçkilərə yönəlməsi də başa düşüləndir. Amma Braziliya və Serbiyadakı məğlubiyyətlərin Amerika seçicilərinin qərarını birbaşa müəyyən edəcəyini söyləmək üçün əsas yoxdur. Bu nəticələr beynəlxalq siyasi mühitin ümumi mənzərəsinə təsir göstərsə də, ABŞ-da seçicilərin iqtisadiyyat, miqrasiya, səhiyyə və prezidentin fəaliyyətinə münasibəti daha birbaşa əhəmiyyət daşıyacaq.
Ümumilikdə isə müşahidə olunan hadisələr vahid beynəlxalq siyasi dalğadan daha çox, ayrı-ayrı ölkələrdə daxili narazılıqların və siyasi alternativ axtarışının güclənməsi kimi görünür. Braziliya və Serbiya seçkiləri Tramp və Netanyahu üçün siyasi siqnal sayıla bilər, lakin İsrail və ABŞ-da eyni nəticələrin təkrarlanacağına dəlalət etmir. Həlledici amil beynəlxalq müttəfiqlikdən daha çox, hər ölkədə seçicilərin öz hakimiyyətlərinə verdiyi qiymət olacaq”.

