Azərbaycan–Niderland münasibətlərində yeni mərhələ: Bakıda müzakirə olunan əməkdaşlıq imkanları-Millət vəkilindən AÇIQLAMAbackend

Azərbaycan–Niderland münasibətlərində yeni mərhələ: Bakıda müzakirə olunan əməkdaşlıq imkanları-Millət vəkilindən AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Prezident İlham Əliyevin oktyabrın 26-da Niderland Krallığının xarici işlər naziri Tom Berendsenlə Bakıda keçirdiyi görüş Azərbaycan–Niderland münasibətlərinin inkişafı baxımından mühüm əhəmiyyət daşıyır. Görüş zamanı iki ölkə arasında siyasi dialoqun genişləndirilməsi və qarşılıqlı əməkdaşlığın gücləndirilməsi məsələləri müzakirə olunub. Tərəflər iqtisadiyyat, enerji, ticarət və digər sahələrdə əməkdaşlıq imkanlarını dəyərləndiriblər.

Bu görüş Azərbaycanın Avropa ölkələri ilə əlaqələrinin inkişafına və yeni tərəfdaşlıq imkanlarının yaranmasına töhfə verə bilər. Sizcə, Azərbaycan–Niderland münasibətlərinin inkişafı gələcəkdə hansı yeni əməkdaşlıq imkanlarını yarada bilər?

Milli Məclisin deputatı Azər Badamov Editor.az-a açıqlamasında bildirib ki, Dövlət başçımızın oktyabrın 26-da Niderland Krallığının xarici işlər naziri Tom Berendsenlə Bakıda keçirdiyi görüş və görüş zamanı ölkələrimiz arasında əməkdaşlığın genişləndirilməsi imkanlarının müzakirə olunması Azərbaycan–Niderland münasibətlərinin inkişafı baxımından mühüm əhəmiyyət daşıyır:

“Niderland Avropa İttifaqının formalaşmasında iştirak etmiş, zəngin dövlətçilik ənənələrinə və inkişaf etmiş iqtisadiyyata malik ölkələrdən biridir. Bu baxımdan, Niderlandla münasibətlərin daha da möhkəmləndirilməsi Azərbaycanın Avropa İttifaqı ölkələri ilə əlaqələrinin genişlənməsinə, Avropa məkanında mövqelərinin güclənməsinə və yeni tərəfdaşlıq imkanlarının yaranmasına mühüm töhfə verə bilər. Azərbaycanla Niderland arasında ticarət-iqtisadi əlaqələr də inkişaf etməkdədir. Belə ki, Azərbaycanın Niderland iqtisadiyyatına 1,6 milyard avro, Niderlandın isə Azərbaycan iqtisadiyyatına 1,3 milyard avro həcmində investisiya yatırdığı bildirilir. Niderland kapitallı 150 şirkət Azərbaycanda qeydiyyatdan keçərək fəaliyyət göstərir. Ötən il ölkələrimiz arasında ticarət dövriyyəsi təxminən 325 milyon avroya çatıb. İndiyədək imzalanmış 11 sənəd ikitərəfli münasibətlərin hüquqi bazasını formalaşdırıb. Hazırda hazırlanma mərhələsində olan daha 4 sənədin imzalanması isə əməkdaşlığımızın institusional əsaslarını gücləndirərək yeni imkanlar yaradacaqdır.

Bununla belə, ölkələrimiz arasında əməkdaşlığın genişləndirilməsi üçün mövcud imkanlar və potensial daha böyükdür. Azərbaycan xarici investisiyalar üçün açıq olan, əlverişli coğrafi mövqeyə və geniş iqtisadi imkanlara malik ölkədir. Bu amillər Niderlandla qarşılıqlı faydalı əməkdaşlığın yeni istiqamətlər üzrə inkişaf etdirilməsi üçün əlverişli zəmin yaradır. İlk növbədə, Orta Dəhlizin inkişafı çərçivəsində nəqliyyat-logistika infrastrukturunun təkmilləşdirilməsi, dəniz limanlarının imkanlarının artırılması və liman infrastrukturunun modernləşdirilməsi sahəsində Niderlandın qabaqcıl texnologiyalarından və təcrübəsindən yararlanmaq mümkündür. Niderlandın logistika, liman idarəçiliyi və beynəlxalq ticarət sahələrindəki təcrübəsi Azərbaycanın regional nəqliyyat qovşağı kimi mövqeyinin daha da möhkəmləndirilməsinə töhfə verə bilər. Digər mühüm istiqamət kənd təsərrüfatı və aqrar sektorun inkişafıdır. Niderlandın müasir kənd təsərrüfatı texnologiyaları, istixana təsərrüfatı, aqrar innovasiyalar və məhsulların emalı sahəsində əldə etdiyi nailiyyətlərdən yararlanmaqla, xüsusilə Cəbrayıl rayonunda və işğaldan azad edilmiş digər ərazilərdə aqrar istehsalın səmərəliliyini artırmaq, müasir təsərrüfat modellərini tətbiq etmək və ixrac potensialını genişləndirmək mümkündür.

Eyni zamanda, su ehtiyatlarının səmərəli idarə olunması, suvarma sistemlərinin müasirləşdirilməsi, su itkilərinin azaldılması və şəhərlərin dayanıqlı su təchizatının təmin edilməsi əməkdaşlığın perspektivli istiqamətlərindəndir. Niderlandın su təsərrüfatı və daşqınların idarə olunması sahəsindəki təcrübəsi Azərbaycanın bu sahədə qarşılaşdığı çağırışların həllinə dəstək verə bilər. Ağıllı şəhərlərin qurulması, rəqəmsal idarəetmə və ekoloji dayanıqlılıq sahələrində də birgə layihələrin həyata keçirilməsi üçün geniş imkanlar mövcuddur. Bununla yanaşı, ticarət dövriyyəsinin artırılması, qeyri-neft sektoruna investisiyaların cəlb edilməsi, bərpaolunan enerji, yaşıl texnologiyalar, turizm və innovasiya sahələrində əməkdaşlığın genişləndirilməsi qarşılıqlı iqtisadi maraqlara xidmət edə bilər. Niderland şirkətlərinin Azərbaycanda yeni istehsal və xidmət sahələrinə investisiya yatırması, birgə müəssisələrin yaradılması və müasir texnologiyaların tətbiqi iqtisadiyyatımızın şaxələndirilməsinə, yeni iş yerlərinin açılmasına və ixrac imkanlarının artmasına müsbət təsir göstərə bilər.
Hesab edirəm ki, Prezident İlham Əliyevin Niderland Krallığının xarici işlər naziri Tom Berendsenlə keçirdiyi görüş ikitərəfli münasibətlərin daha da inkişaf etdirilməsi baxımından əhəmiyyətli siyasi zəmin yaradır. Bu təmaslar gələcəkdə yüksək səviyyəli qarşılıqlı səfərlərin intensivləşməsinə, iqtisadi əməkdaşlığın konkret layihələrlə zənginləşməsinə və yeni tərəfdaşlıq mexanizmlərinin formalaşmasına təkan verə bilər.

Əminəm ki, Azərbaycan və Niderland arasında qarşılıqlı maraqlara, iqtisadi səmərəliliyə və uzunmüddətli tərəfdaşlığa əsaslanan əməkdaşlığın genişləndirilməsi ölkələrimizin əlaqələrinin daha yüksək səviyyəyə çatmasına xidmət edəcəkdir”.

//Gülnarə Abasova, Editor.az