Ukrayna Prezidenti Volodimir Zelenskinin Rusiya ilə müharibə və mümkün sülh danışıqları ilə bağlı son açıqlamaları diqqət çəkib. Onun son bəyanatlarında əvvəlki mövqedən fərqli olaraq, danışıqlara və mümkün kompromislərə daha açıq mesajların yer alması Kiyevin strategiyası ilə bağlı müzakirələri yenidən gündəmə gətirib.
Kiyev təslim aktını qəbul edir? Ukraynanın strategiyası nədir?
Editor.az-a danışan siyasi şərhçi Anar İsayev deyib ki, Ukrayna Prezidenti Volodimir Zelenskinin sentyabrın 16-da verdiyi son açıqlamalar Rusiya-Ukrayna müharibəsinin siyasi gündəliyində müəyyən dəyişikliklərin müşahidə olunduğunu göstərir:
“Zelenskinin “itkisiz müharibəni dayandırmaq və diplomatiyaya keçmək” fikri, xüsusilə də Kiyevin şərtsiz atəşkəsdən sonra diplomatik prosesə keçməyə hazır olduğunu bildirməsi diqqət çəkir.
İlk baxışdan bu yanaşma Ukraynanın əvvəlki daha sərt ritorikasından geri addım kimi görünə bilər. Lakin məsələyə daha geniş geosiyasi kontekstdə yanaşdıqda bunu birbaşa “təslimiyyət” kimi qiymətləndirmək üçün əsas yoxdur. Əksinə, Zelenskinin mövqeyində hərbi və diplomatik alətlərin paralel istifadəsi müşahidə olunur.
Atəşkəs təslimiyyət demək deyil.
Zelenskinin təklif etdiyi formul kifayət qədər aydındır: əvvəlcə döyüşlər dayandırılmalı, daha sonra siyasi məsələlər diplomatik yolla həll edilməlidir. Bu yanaşmanın mühüm tərəfi ondan ibarətdir ki, Kiyev konkret olaraq Rusiyanın ərazi iddialarını qəbul etdiyini və ya Moskvanın siyasi şərtləri ilə razılaşdığını bəyan etmir.
Bu baxımdan “atəşkəsə hazır olmaq” ilə “müharibədə məğlubiyyəti qəbul etmək” arasında ciddi fərq var.
Əgər Kiyev ərazi məsələsində hüquqi mövqeyindən imtina etsə, Ukraynanın təhlükəsizlik və xarici siyasət seçimlərini məhdudlaşdıran şərtləri qəbul etsə və Rusiyanın digər strateji tələblərinə razılaşsa, onda bunu artıq real siyasi geri çəkilmə kimi qiymətləndirmək mümkün olar. Hazırkı bəyanatda isə belə konkret öhdəliklər görünmür.
Zelenskinin ikinci mesajı daha da əhəmiyyətlidir
Maraqlıdır ki, Zelenski diplomatiyaya hazır olduğunu bildirdiyi eyni çıxışda Vladimir Putinin məqsədinin yalnız Ukraynanın müəyyən ərazilərini əldə etmək olmadığını, bütövlükdə Ukrayna üzərində nəzarət istədiyini iddia edir.
Bu, ilk baxışda ziddiyyətli görünür: bir tərəfdən danışıqlara çağırış, digər tərəfdən Rusiyanın strateji məqsədlərinə dair sərt xəbərdarlıq”.
Siyasi şərhçinin sözlərinə görə, burada Zelenskinin mesajının əsas ünvanlarından birinin Qərb ictimaiyyəti və siyasi dairələri olduğu görünür:
“Kiyev bununla demək istəyir ki, mümkün atəşkəs və danışıqlar Ukraynanın təhlükəsizliyini zəiflədən və Rusiyanın gələcəkdə yeni hərbi addımlarına imkan yaradan razılaşmaya çevrilməməlidir.
Yəni Zelenski danışıqlara qapını açır, lakin danışıqların nəticəsi ilə bağlı çərçivəni əvvəlcədən müəyyənləşdirməyə çalışır.
Rusiya-Ukrayna müharibəsinin hazırkı mərhələsini yalnız cəbhə xəttindəki ərazi dəyişiklikləri ilə izah etmək getdikcə çətinləşir. Müharibə artıq hərbi əməliyyatlarla yanaşı, resurslar, iqtisadi imkanlar, silah təminatı və diplomatik mövqe uğrunda mübarizəyə çevrilib.
Rusiya üçün əsas məsələ hərbi və iqtisadi resurslarını uzunmüddətli müharibə üçün qorumaq, Ukrayna üçün isə Qərbin hərbi və maliyyə dəstəyini davam etdirmək və mümkün danışıqlara daha əlverişli şərtlərlə daxil olmaqdır.
Bu baxımdan Zelenskinin diplomatik ritorikasının güclənməsi müharibənin artıq yalnız “cəbhədə kim irəliləyir?” sualı ilə ölçülmədiyini göstərir.
Burada Vaşinqton amili də əsas rol oynayır.Belə ki,Ukraynanın diplomatik strategiyasını ABŞ faktorundan da ayrı təsəvvür etmək mümkün deyil. Müharibənin gedişində Vaşinqtonun hərbi və siyasi mövqeyi Kiyevin imkanlarına birbaşa təsir göstərir.
Ona görə Zelenskinin “müharibəni dayandırmaq və diplomatiyaya keçmək” mesajı həm Moskva, həm də Qərb tərəfdaşları üçün siqnaldır”.
Anar İsayevin fikrincə, Kiyev bir tərəfdən müharibənin davam etdirilməsi üçün siyasi və hərbi imkanlarını qorumağa çalışır, digər tərəfdən isə mümkün diplomatik prosesin tərəfi olmağa hazır olduğunu nümayiş etdirir:
“Bu, xüsusilə uzunmüddətli müharibənin yaratdığı insan, maliyyə və iqtisadi yük fonunda əhəmiyyətli diplomatik manevr imkanları yaradır.
Putin üçün də məsələ yalnız ərazi deyil
Zelenskinin Putinin məqsədləri barədə səsləndirdiyi fikirlərə Moskvanın öz mövqeyindən yanaşmaq da vacibdir. Rusiya müharibənin başlanmasından etibarən təhlükəsizlik, NATO-nun genişlənməsi, Ukraynanın hərbi statusu və Donbas məsələsi də daxil olmaqla daha geniş tələblər irəli sürüb.
Deməli, gələcək danışıqlarda yalnız ərazi məsələsinin müzakirə olunacağını düşünmək düzgün olmaz.
Əslində əsas sual budur:
Müharibədən sonra Ukraynanın təhlükəsizlik modeli necə olacaq?
Ukraynanın NATO ilə münasibətləri, ordusunun gələcək imkanları, Qərbin təhlükəsizlik təminatları, Rusiyaya qarşı sanksiyalar və ərazi məsələsi bir-birindən ayrı müzakirə edilə bilməz.
Əsas dönüş nöqtəsi danışıqlar masası olacaq
Hazırda Zelenskinin bəyanatını “Ukrayna təslim olur” kimi təqdim etmək siyasi prosesin mürəkkəbliyini həddindən artıq sadələşdirmək olardı. Daha real yanaşma budur ki, Kiyev mümkün siyasi həll üçün diplomatik manevr sahəsini genişləndirir.
Bununla belə, bu manevrin nə qədər davam edəcəyini və hansı nəticəyə gətirib çıxaracağını müəyyən edən əsas amil Ukraynanın danışıqlar masasında hansı güzəştlərə hazır olması olacaq.
Əgər söhbət yalnız atəşkəsdən gedirsə, bu, hərbi əməliyyatların dayandırılması cəhdidir. Əgər bunun ardınca ərazi, təhlükəsizlik və Ukraynanın gələcək geosiyasi statusu ilə bağlı ciddi güzəştlər gəlirsə, onda artıq söhbət daha fundamental siyasi dəyişiklikdən gedəcək”.
//Gülnarə Abasova, Editor.az

