ABŞ, Rusiya və Çin eyni masada? – Dünyanın taleyini dəyişə biləcək görüşbackend

ABŞ, Rusiya və Çin eyni masada? – Dünyanın taleyini dəyişə biləcək görüş

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Moskva ABŞ–Rusiya–Çin üçtərəfli görüşü ideyasını tam rədd etmir, amma görüşün gündəliyi və mümkün nəticələrinin əvvəlcədən müəyyənləşdirilməsini vacib sayır. Kremlin nümayəndələri belə bir görüşün noyabrda Çində keçiriləcək APEC sammiti çərçivəsində baş tuta biləcəyini istisna etmirlər. Eyni zamanda, ABŞ və Çin arasında da sentyabrın 24-nə planlaşdırılan görüş öncəsi ticarət və digər məsələlər üzrə danışıqlar davam edir. Bu fonda Vaşinqtonun Moskva və Pekinlə eyni platformada görüşməsi qlobal güc balansı və yeni diplomatik formatlar baxımından diqqət çəkir.

Maraqlıdır, ABŞ, Rusiya və Çin liderlərinin mümkün üçtərəfli görüşü həqiqətən qlobal problemlərin həllinə yönəlmiş yeni diplomatik platformaya çevrilə bilər, yoxsa bu görüş daha çox Vaşinqton, Moskva və Pekinin öz geosiyasi maraqlarını nümayiş etdirdiyi bir güc mübarizəsi formatı olacaq?

Siyasi analitik Cavanşir Abbaslı Editor.az-a açıqlamasında bildirib ki, hazırda dünyanın müxtəlif bölgələrində gedən münaqişələrə nəzər saldıqda görünür ki, ABŞ, Rusiya və Çin bu proseslərdə birbaşa və ya dolayı şəkildə iştirak edirlər:

“Ona görə də hesab edirəm ki, qarşıdakı aylarda bu üç böyük gücün bir masa arxasında bir araya gəlməsi tamamilə mümkündür. Hətta mövcud proseslər fonunda bunun üçün alternativ də elə çox görünmür. ABŞ-ın dünyadakı bütün münaqişələri təkbaşına həll etmək imkanında olmadığı artıq aydın görünür. Rusiya onsuz da qlobal proseslərin əsas iştirakçılarından biridir. Çin isə hərbi münaqişələrdə birbaşa iştirak etməsə də, dünyanın aparıcı güclərindən biri kimi istənilən böyük geosiyasi prosesdə hesablaşılması vacib olan tərəfdir. Bu baxımdan ABŞ-Rusiya-Çin təmaslarının baş tutması təkcə konkret bir münaqişənin həlli baxımından deyil, bütövlükdə dünya nizamının gələcək konturlarının müəyyənləşməsi baxımından mühüm hadisədir”.

Siyasi ekspertin sözlərinə görə, Çinin iqtisadi və siyasi çəkisinin artması da bu prosesdə onun rolunu daha da gücləndirir:

“Pekinin Rusiya və İranla münasibətləri kifayət qədər yaxındır. Çin Rusiyadan Ukrayna müharibəsinin mümkün qədər tez başa çatmasında maraqlı tərəflərdən biridir. Eyni yanaşmanı İran məsələsində də görmək mümkündür. Buna görə də ABŞ-ın Çinlə dialoqa getməsi və Pekinin imkanlarından istifadə etməyə çalışması məntiqli görünür. Üstəlik, bundan sonra dünyanın istənilən regionunda yeni bir münaqişə və ya geosiyasi böhran yaranarsa, yenə də bu üç dövlətin maraqlarının toqquşması qaçılmaz olacaq. Deməli, ABŞ, Rusiya və Çin arasında müəyyən dialoq mexanizminin yaradılması yalnız bugünkü münaqişələrin həlli üçün deyil, gələcək böhranların idarə olunması baxımından da əhəmiyyət daşıyır.

Noyabr ayında nəzərdə tutulan görüş məsələsinə gəlincə, burada ABŞ-da keçiriləcək aralıq seçkilərinin nəticələri mühüm rol oynaya bilər. Seçkilərin nəticəsi Tramp administrasiyasının daxili siyasi mövqeyinə və xarici siyasətdə manevr imkanlarına ciddi təsir göstərəcək. Əgər Tramp və onun siyasi komandası seçkilərdən güclənərək çıxarsa, belə bir görüşün reallaşması daha inandırıcı görünür. Əks nəticə isə prosesin ləngiməsinə və ya görüşün gündəmdən çıxmasına səbəb ola bilər.
Digər tərəfdən, noyabrda Çində planlaşdırılan görüş də prosesin gedişinə təsir göstərə bilər. Bu səbəbdən qarşıdakı həftələrdə Vaşinqton, Moskva və Pekindən gələcək mesajları diqqətlə izləmək lazımdır.

Sentyabrda nəzərdə tutulan görüşə gəlincə, onun baş tutma ehtimalını daha real hesab edirəm. Təbii ki, diplomatiyada son ana qədər heç nəyi yüz faiz proqnozlaşdırmaq mümkün deyil. Lakin mövcud geosiyasi mənzərə göstərir ki, üç böyük gücün dialoqa ehtiyacı getdikcə artır. Əgər belə bir görüş reallaşarsa, bu, sadəcə növbəti diplomatik təmas olmayacaq. Dünyada güc balansının və yeni geosiyasi münasibətlər sisteminin formalaşması baxımından da dönüş nöqtəsinə çevriləcək”.

 

//Gülnarə Abasova, Editor.az