Emal olunmuş ət məhsullarının mədə xərçəngi riskini artırdığı müəyyən edilibbackend

Emal olunmuş ət məhsullarının mədə xərçəngi riskini artırdığı müəyyən edilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kolbasa, sosiska, bekon və vetçina kimi emal olunmuş ət məhsullarının müntəzəm istehlakı mədə və qida borusu xərçəngi riskinin artması ilə əlaqələndirilib. Alimlər 450 mindən çox insanın məlumatlarını təhlil etdikdən sonra bu qənaətə gəliblər. İştirakçılar orta hesabla 14 il ərzində müşahidə olunub.

Editor.az xəbər verir ki, araşdırmanın nəticələri International Journal of Cancer jurnalında dərc edilib.

Tədqiqatın nəticələrinə görə, gündəlik qida rasionunda emal olunmuş ətin miqdarının hər əlavə 30 qram artırılması mədə xərçəngi riskinin təxminən 9 faiz, qida borusunun adenokarsinoması riskinin isə 13 faiz yüksəlməsi ilə əlaqəlidir. Ən nəzərəçarpan əlaqə mədə xərçənginin bağırsaq tipində müşahidə olunub.

Araşdırmada ağ ətlə bağlı da diqqətçəkən nəticə əldə edilib. Belə ki, qadınlarda gündəlik quş əti istehlakının hər əlavə 20 qram artması mədənin aşağı və orta hissələrində yaranan şişlərin riskinin 20 faiz yüksəlməsi ilə əlaqələndirilib. Bununla belə, tədqiqat müəllifləri bu nəticənin əlavə araşdırılmasına ehtiyac olduğunu bildirərək onun əsasında tələsik nəticələr çıxarmayıblar.

Alimlər emal olunmuş ətin mümkün zərərini bir neçə amillə əlaqələndirirlər. Bunlara mədənin selikli qişasını qıcıqlandıra bilən yüksək duz miqdarı, məhsulların emalı və hisə verilməsi zamanı kanserogen birləşmələrin yaranması, eləcə də heyvan mənşəli zülalların mübadiləsi nəticəsində əmələ gələn maddələr daxildir.

Mütəxəssislər vurğulayırlar ki, söhbət müşahidə xarakterli araşdırmadan gedir. Buna görə də əldə olunan nəticələr emal olunmuş ət məhsullarının birbaşa xərçəngə səbəb olduğunu sübut etmir, yalnız onların istehlakı ilə xəstəlik riski arasında statistik əlaqənin mövcudluğunu göstərir. Bununla belə, nəticələr rasionda emal olunmuş ət məhsullarının məhdudlaşdırılması ilə bağlı mövcud tövsiyələrlə uyğunluq təşkil edir.

Mədə xərçəngi dünyada ən geniş yayılmış onkoloji xəstəliklərdən biri olaraq qalır və bir çox hallarda gec mərhələdə aşkarlanır. Tədqiqat müəlliflərinin fikrincə, emal olunmuş ət məhsullarının rasiondakı payının hətta orta səviyyədə azaldılması və onların tərəvəz, paxlalılar və digər bütöv qidalarla əvəzlənməsi ümumi xərçəng riskinin azalmasına kömək edə bilər. Bu, xüsusilə irsi meyli və ya xroniki mədə xəstəlikləri olan insanlar üçün əhəmiyyətli ola bilər.

//Gülnarə Abasova, Editor.az