“Orta dəhliz” fenomeni: Qərb Bakını dilə tuturbackend

“Orta dəhliz” fenomeni: Qərb Bakını dilə tutur

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-nin dövlət katibi Entoni Blinken, Avropa Komissiyasının sədri Ursula fon der Lyayen və Ermənistanın baş naziri Nikol Paşinyan arasında aprelin 5-də Brüsseldə keçirilmiş görüşdə müzakirə edilən məsələlər arasında İrəvanın “Global Gateway” layihəsinə qatılma perspektivləri də vardı.

Brüsseldə ABŞ-nin Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) direktoru Samanta Pauer ilə N.Paşinyan arasındakı görüşdə də sözügedən məsələ nəzərdən keçirilib.

Daha doğrusu, N.Paşinyanın “regional kommunikasiyaların bərpası və yeni logistika marşrutlarının işə salınması təşəbbüsü” kimi təqdim edilən “Sülh yolayrıcı” layihəsinin “Global Gateway”lə uzlaşdırılması müzakirə olunub.

Ermənistan ötən ilin sonlarından bəri “Sülh yolayrıcı”nı Cənubi Qafqaz bölgəsində “sülh, stabillik və inkişafın rəhni” kimi təqdim edir.

Brüssel görüşündən sonra isə rəsmi İrəvan, ümumiyyətlə, Ermənistanın “Global Gateway”ə qatılması, TBNM-də yer alması və bu minvalla “Rusiyanın maraqlarına xidmət edən layihə” qismində tanıdılan “Şimal-Cənub” marşrutu ilə Zəngəzur dəhlizi layihəsinə “real alternativ” olduğu vurğulanır.

İrəvan siyasətçiləri, dövlət mənsubları və mediası Brüssel görüşündən sonra bir narrativi sanki xorla təkrarlayırlar: “Avropa İttifaqı və ABŞ Ermənistanı on milyardlarla dollarlıq layihədə görmək istəyir, Zəngəzur dəhlizi layihəsi Rusiyanın maraqlarına xidmət edir, bu səbəbdən həmin layihəni həyata keçirməyə çalışan Azərbaycanla Rusiyanın bölgədə güclənməsini istəməyən Türkiyə arasında son vaxtlar münasibətlərdə sərinləşmə var, Ankara Bakını Rusiyanın və Hindistanın maraqlarına xidmət etməkdə şübhəli bilir”.

Həmçinin, ermənilərin propaqandasında o da bildirilir ki, “Orta Dəhliz” layihəsinin “həyata keçirilməsində əsas qüvvə və təşəbbüskar ABŞ-dir”. Buna “sübut” kimi ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O-Brayen istinad olunur.

Sən demə, O-Brayen deyib ki, “yeni meqalayihə olan “Orta Dəhliz”dən Ermənistan da faydalanacaq”, çünki Vaşinqtonun bölgəmizlə bağlı əsas strategiyası “region ölkələrinin birgə inkişafı”dır.

Ermənilər onu da deyirlər ki, sən demə, Zəngəzur dəhlizi layihəsi “yalnız Rusiyanın maraqlarına xidmət edir, Azərbaycan bunu dəstəkləyir, Türkiyə və Qazaxıstan isə qətiyyətlə etiraz edir”.

Marazm, idiotizm və absurd olsa da, narrativ inadla gündəmdə saxlanılır.

“Maraqlı”dır ki, ABŞ-yə sığınmış “müstəqil bloqer”, son vaxtlarda “siyasi-ictimai xadim” xitablarını da həzzlə qarşılayan, de-yure azərbaycanlı olsa da, de-fakto çoxdan muzdlu xəyanət yolunu seçmiş şəxs həmin narrativi az qala sözbəsöz təkrarlayır.

O, “YouTube” kanalında “Deyilməyənlər: İkinci “Əsrin müqaviləsi” gəlir. Ermənistan da faydalanacaq. İran niyə susdu?” adlı xüsusi buraxılış da edərək, Ermənistanın Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunda (TBNM) yer alacağını israrla vurğulayıb.

“Müstəqil bloqer” tamamilə yanlış, reallıqla heç bir əlaqəsi olmayan iddialarını səsləndirərkən Zəngəzuru inadla “Ermənistanın Sünik vilayəti” adlandırıb və onun dediyindən belə əyan olub ki, ABŞ Ermənistanın da yer alacağı TBNM, yəni “Orta Dəhliz” layihəsi Zəngəzur dəhlizinə qarşıdır.

Üstəlik, Türkiyə də Zəngəzur dəhlizi layihəsini “qəbul etmir”. Halbuki rəsmi Ankaranın mövqeyi hələ 2020-ci ilin noyabrın sonunda açıqlanıb: Türkiyə bölgəmizdə sülhün, stabilliyin və rifahın bərqərar olmasında Zəngəzur dəhlizi layihəsini önəmli amillərdən biri sayaraq tam dəstəkləyir.

Bəs yaxşı, ermənilərin və onların narrativlərini təkrarlayanların bəhs etdikləri “Orta Dəhliz”, əslində, nədir?

… Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (TBNM və ya “Middle Corridor”) Çindən başlayaraq Qazaxıstan, Xəzər dənizinin akvatoriyası, Azərbaycan, Gürcüstan və Türkiyədən keçərək, Avropa İttifaqında bitən beynəlxalq nəqliyyat dəhlizidir.

Marşrut habelə Çinin təşəbbüsü ilə həyata keçirilən “Bir kəmər, Bir yol” beynəlxalq layihəsinin inkişaf variantlarından biridir ki, Böyük İpək Yolunun bərpası da sayıla bilər.

Çinin Lyanyunqan limanından başlayaraq Sian şəhərinə, oradan Qazaxıstanın Xorqos, Dostık şəhərlərinə, daha sonra Aktau və Kurık limanlarına, oradan Azərbaycanın Ələt limanına, daha sornra Tbilisi, Poti llimanına, daha sonra Türkiyənin Qars, İzmit, Mersin və Çərkəzköyünə, oradan da Avropa İttifaqına uzanacaq TBNM dəmiryolu və dəniz nəqliyyatı ilə konteyner daşımalarını ehtiva edir.

Marşrutla ildə 10 milyon ton yükün, o cümlədən, 200 minədək konteynerin daşınması nəzərdə tutulub.

Qatarlar həftədə 3 dəfə hərəkət edəcək. Marşrutu quru yolu ilə qət etmə müddəti 12-15 sutkadır.

2017-ci ildə ilk mərhələsi istifadəyə verilmiş TBNM-in Şixezi (Çin) – Keşlə (Azərbaycan), Lyanyunqan (Çin)- İstanbul (Türkiyə), İlyiçevsk (Ukrayna)- Dostık (Qazazxıstan) istiqamətləri artıq işləyir. Həmin istiqamətlərlə neft-kimya məhsulları, qara və əlvan metallar, daş kömür, ferrolehimlər, kənd təsərrüfatı məhsulları və konteynerlər daşınır.

Rusiyanın Ukraynada apardığı hərbi əməliyyatlar və Yəməndəki husilərin Qırmızı dənizdə gəmilərə hücumlarından sonra TBNM-in önəmi daha da artıb.

TBNM marşrutunun təsis edilməsi ilə bağlı 2013-cü ilin noyabrın 7-də imzalanmış anlaşmanı “Gürcüstan Dəmir Yolları” SC, “Aktau Beynəlxallq Dəniz Ticari Limanı” SC, “Qazaxıstan Dəmir Yolları” SC, “Azərbaycan Dəmir Yolları” QSC, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC, “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” və “Batumi Dəniz Limanı” ASC imzalayıblar.

Daha sonra layihəyə “TCDD Transportation” (Türkiyə), “Ukrzaliznıtsya”” (Ukrayna), “Lianyungang Port Holdings Group” (Çin), “Grampet Group” (Rumıniya), “Anaklia Development Consortium” (Gürcüstan) və assosiasiya edilmiş üzv qismində Özbəkistan qoşulublar.

TBNM-in idarəedici, operator şirkəti “Middle Corridor Multimodal“dır.

Avropa İttifaqı isə “Global Gateway” layihəsinə 300 milyard avro cəlb edərək Mərkəzi Asiyada, habelə Azərbaycanda və Gürcüstanda infrastruktur layihələrinə sərf edərək Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunu, yəni “Orta dəhliz”i daha da gücləndirmək fikrindədir.

Ukraynada Rusiya və Qərb arasında qarşıdurmanın sərtləşdiyi, Şərqi Asiyada Çinin planlarının reallaşmasına ABŞ-nin maneələr yaratdığı indiki dönəmdə Avropa İttifaqı bütün imkanlarını işə salaraq, Azərbaycan, Gürcüstan, xüsusilə də Mərkəzi Asiya ölkələrini “Orta Dəhliz” layihəsində daha aktiv iştiraka sövq etmək istəyir.

Aİ planlarını reallaşdırmaq üçün əvvəllər böyük narahatlıqla qarşıladığı Türk Dövlətləri Təşkilatı (TDT) ilə də əməkdaşlıq etməyə hazırdır.

Brüsselin məqsədi Mərkəzi Asiyada və Cənubi Qafqazda Rusiya ilə Çinin təsir imkanlarının artmasının qarşısını almaqdır.

Xatırladaq ki, ötən il ABŞ-nin dövlət katibi Entoni Blinkenin, daha sonra isə Fransa prezidenti Emmanuel Makronun Mərkəzi Asiyaya səfərlərinin məqsədləri rəsmən fərqli olsa da, mahiyyət eyni idi. Blinken bölgədə Rusiyaya qarşı mövqelər formalaşdırmaq, Makron isə fransızların Nigerdən qovulmasından sonra Fransada yaranmış uran qıtlığını Mərkəzi Asiyadan alışlar hesabına həll etməyə çalışırdı, amma onların ikisi də bölgə dövlətlərini Qərbə meyillənmiş siyasətə sövq etməyə can atırlar.

ABŞ-nin Mərkəzi Asiya və Cənubi Qafqaza da şamil etdiyi “Olduğundan yaxşısını inşa etmək” (“Build Back Better Plan“) strateji planı da bəhs etdiyimiz müstəvidədir.

Bu ilin ortalarında Özbəkistanda keçirilməsi nəzərdə tutulmuş Avropa İttifaqı-Mərkəzi Asiya sammitində müzakirə ediləcək əsas məsələlərdən biri də elə “Orta Dəhliz” layihəsidir.

Avropa İttifaqının ticarət məsələləri üzrə ali komissarı, Avropa Komissiyasının sədr müavini Valdis Dobmrovskis isə bəyan edib ki, Brüsselin bölgə ilə bağlı əsas planlarından biri Xəzər dənizindən keçməklə Asiyadan Avropaya qlobal nəqliyyat dəhlizi layihəsini inkişaf etdirməkdir.

Yəni Avropa İttifaqı bilavasitə Azərbaycandan keçən və ölkəmizin ciddi yer aldığı “Orta dəhliz”dən bəhs edir.

Mərkəzi Asiya ölkələrinin Avropa İttifaqına quru yolu ilə marşrut istiqamətləri Rusiyadan, Azərbaycandan və İrandan keçir.

Ukraynadakı hərbi əməliyyatlara görə Brüssellə Moskvanın əlaqələri kəsildiyindən Rusiya variantı istisnadır. Avropa İttifaqının İranla əlaqələri çox zəif olduğundan, Qərbin İrana qarşı tətbiq etdiyi çoxsaylı sanksiyalar qüvvədə qaldığından İran marşrutu da real deyil.

Yeganə variant və imkan Xəzər dənizindən, sonra da Azərbaycandan keçən marşrutdur.

Məhz bu səbəbdən Avropa İttifaqı ilkin mərhələdə “Orta Dəhliz”ə 20 milyard avro, daha sonra isə 280 milyard avro sərmayə yatırmaq fikrindədir.

Bütün bunlar Azərbaycanın Rusiya ilə əlaqələrinin zəifləməsi və ya “Orta Dəhliz”in Moskvanın maraqlarına qarşı olması anlamına gəlməməlidir.

Rusiya Azərbaycanla yanaşı, bölgə ölkələrinin hamısı üçün önəmli tərəfdaşdır və belə də qalacaq.

Üstəlik, ölkəmizin Rusiya ilə birlikdə “Şimal-Cənub” və “3+3” layihələrini də reallaşdırdığını unutmayaq.

Ermənistana və erməni propaqandasının narrativlərini təkrarlayanlara gəldikdə isə, onlara xəyallar aləmini tərk edərək, reallığı görmələrini məsləhət görürük.

TREND