Paşinyandan ETİRAF: “Ermənistan alətə çevrilmişdi” – İrəvan Bakıya yaxınlaşır?backend

Paşinyandan ETİRAF: “Ermənistan alətə çevrilmişdi” – İrəvan Bakıya yaxınlaşır?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Paşinyanın son açıqlamaları Ermənistan daxilində gedən siyasi proseslərin və seçkiqabağı mübarizənin mühüm tərkib hissəsi kimi qiymətləndirilə bilər. Xüsusilə “sülh və ya müharibə” dilemmasının ön plana çıxarılması İrəvanın regionun gələcəyi ilə bağlı strateji seçim qarşısında olduğunu göstərir. Bu ritorika həm Ermənistan cəmiyyətinə mesaj xarakteri daşıyır, həm də Cənubi Qafqazda yeni geosiyasi reallıqların qəbul edilməsinə yönəlmiş yanaşma kimi diqqət çəkir.

Politoloq Oqtay Qasımov Editor.az-a açıqlamasında bildirib ki, Ermənistanda seçki prosesi dərinləşdikcə daha diqqətçəkən və siyasi baxımdan əhəmiyyətli açıqlamaların şahidi olacağıq:

“Hazırda Ermənistanda iki fərqli siyasi xətt müşahidə olunur. Rusiyaya yaxın revanşist qüvvələr yenə də Azərbaycana qarşı köhnə iddialarla çıxış edir. Nikol Paşinyan isə seçki kampaniyası çərçivəsində erməni cəmiyyətini konkret seçim qarşısında qoyur: sülh və ya müharibə. Onun sülh prosesi ilə bağlı verdiyi mesajlar xüsusilə diqqət çəkir.

Paşinyan faktiki olaraq etiraf edir ki, Ermənistanın indiyədək yürüdüyü siyasət uğursuz olub. Xarici güclərin təsiri altında alətə çevrilən Ermənistan uzun illər müstəqil siyasət yürüdə bilməyib və daha çox forpost funksiyası daşıyıb. O vurğulayır ki, bundan sonra həmin səhvlərin təkrarlanmasına yol verilməməlidir.

Bu açıqlamalar göstərir ki, Paşinyan Azərbaycanla birbaşa dialoqun tərəfdarıdır. Son dövrlərin təcrübəsi də sübut edir ki, münasibətlərin vasitəçilərsiz, birbaşa təmaslar əsasında normallaşdırılması daha effektiv nəticələr verir. Ermənistan hakimiyyəti də artıq bu yanaşmanın ən real və faydalı variant olduğunu qəbul etməyə başlayıb.

Hesab edirəm ki, seçki kampaniyasının əsas nəticələrindən biri Ermənistan cəmiyyətinin gələcəklə bağlı strateji qərar verməsi üçün şərait yaratmasıdır. Ermənistan ya keçmiş səhvləri təkrarlayıb yenidən qarşıdurma yolunu seçəcək, ya da rasional yanaşma nümayiş etdirərək sülhə üstünlük verəcək. Bu seçim birbaşa erməni cəmiyyətinin iradəsindən asılıdır.

Əgər Nikol Paşinyan seçkilərdə qələbə qazanarsa və onun siyasi kursu erməni cəmiyyəti tərəfindən dəstəklənərsə, bu, gələcəkdə Cənubi Qafqazda sülh və regional əməkdaşlıq üçün mühüm mərhələnin başlanğıcı kimi qiymətləndirilə bilər”.

//Gülnarə Abasova, Editor.az