“Paşinyanın 1975-ci il xəritəsində israrlı olmasının əsas səbəbi…”- MÜSAHİBƏbackend

“Paşinyanın 1975-ci il xəritəsində israrlı olmasının əsas səbəbi…”- MÜSAHİBƏ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Editor.az BAO sədrinin müavini, fəlsəfə doktoru, siyasi şərhçi Faiq Ələkbərli ilə müsahibəsini təqdim edir:

-Faiq bəy, uzun müddətdir ki, Azərbaycan və Ermənistan arasında sərhədlərin delimitasiya, demarkasiya məsələlərinin müəyyən edilməsində hansı xəritəyə əsaslanılacağı sual yaradan mövzudur. Ermənistan isə 1975-ci il xəritəsini gündəmə gətirir. Maraqlıdır, tarixə nəzər saldıqda həmin xəritədə Ermənistan ərazisinə hansı torpaqlar daxil idi?

-Ermənistan tərəfi mümkün olduğu qədər Ermənistan SSRİ dövründə formalaşmış xəritə üzərində dayanmağa çalışır. Xüsusilə də 1970-ci illərin ortalarında Azərbaycan torpaqları Ermənistan SSR-yə hədiyyə edilmişdi. Bu proses 1920-ci ilin dekabrın 1-dən başlamışdı.1929-cu il noyabrın 29-da Ermənistan SSRİ yaradılmış, noyabrın 30-da Azərbaycan Kommunist Partiyasının mərkəzi komitəsində və Bakı Sovetində bu məsələlər müzakirəyə çıxarılmışdır. Dekabrın 1-dən isə bu prosesin təməli qoyulmuşdur. Yəni, Azərbaycan torpaqlarından Naxçıvanın müəyyən əraziləri, Qərbi Zəngəzurun Ermənistana verilməsi məsələsi gündəmə gəlmişdir. Dağlıq Qarabağ isə mübahisəli ərazi kimi əksini tapmışdır. Həmin ilin dekabrın 2-də isə Ermənistan və Rusiya arasında müqavilə bağlanmışdır. Faktiki olaraq əvvəlcə Azərbaycan SSR-ni başda məcbur etmişlər ki, Qərbi Zəngəzur Ermənistan SSR-yə hədiyyə edilsin.

-Ermənistan baş naziri Nikol Paşinyanın dəfələrlə 1975-ci il xəritəsini gündəmə gətirməkdə israrlı olması rəsmi İrəvanın ərazi itirmək qorxusunun göstəricisidir?

-Qeyd etdiyim kimi, Gədəbəyin Başkənd rayonunun Ermənistan SSRİ-yə hədiyyə edilməsi də həmin dövrə təsadüf edir. Bunun ardınca Naxçıvan və Qazaxın da torpaqları hədiyyə edilməyə başladı. Ermənistanın baş naziri Nikol Paşinyanın 1975-ci ilə aid etdiyi xəritələrdə indiki Ermənistanın 29,8 min kvadrat km ərazisi formalaşır. Paşinyan nə olursa, olsun Ermənistan SSR-nin 1970-ci illərin ortalarında formalaşdırdığı həmin torpaqları qorumağa çalışır.

-Sizcə, Azərbaycanın maraqlarına uyğun olan xəritə hansıdır?

-1975-ci il xəritəsi Azərbaycana sərf etmir. Çünki bu hal Gədəbəyin Başkənd ərazisinin anklav olaraq Ermənistana verilməsinə səbəb ola, eyni zamanda Qazaxın hazırda işğal altında olan 7 kəndi barədə mübahisələr yarada bilər. Buna görə də Azərbaycan üçün 1920-ci ilin dekabrın 1-nə qədər olan xəritəyə müraciət etmək lazımdır. Mübahisəsiz olaraq Azərbaycan Cümhuriyyətinin ərazisi 100 min kvadrat km-ə yaxın idi. Rəsmi Bakı üçün delimitasiya və demarkasiya işləri şübhəsiz ki, bəhs etdiyimiz xəritələrə əsaslanmalıdır. Bunun üçün də Xarici İşlər Nazirliyinin açıqlamasında da həmin xəritələrin əsassız olduğu qeyd edilir. Ermənistan mümkün qədər vaxtilə hədiyyə edilmiş əraziləri öz əlində saxlamağa çalışır. Rusiya isə bu işdə ikili siyasət yürüdür.

//Safura Bənnayeva, Editor.az