İşləri təxirə salmaq vərdişindən qurtulmaq üçün cəmi 10-15 dəqiqəlik sadə üsuldan istifadə etmək mümkündür.
Editor.az xəbər verir ki, biznes eksperti Dmitri Trepolskinin sözlərinə görə, prokrastinasiya hər zaman tənbəllik və ya intizam çatışmazlığı ilə bağlı olmur. Bəzən insan qarşısındakı tapşırığın yaratdığı xoşagəlməz emosiyalardan yayınmağa çalışır. Uğursuzluq qorxusu, darıxdırıcı iş, qeyri-müəyyənlik və ya tapşırığı kifayət qədər yaxşı yerinə yetirə bilməmək narahatlığı insanı işi təxirə salmağa sövq edə bilər.
Belə vəziyyətdə ekspert “mikrobaşlanğıc” metodundan istifadə etməyi tövsiyə edir. Bunun üçün ilk növbədə diqqəti yayındıran amilləri aradan qaldırmaq, telefonu kənara qoymaq və lazımsız brauzer səhifələrini bağlamaq lazımdır.
Daha sonra böyük və mürəkkəb tapşırığı konkret, çox kiçik bir fəaliyyətə çevirmək məsləhət görülür. Məsələn, “hesabat hazırlamaq” kimi ümumi məqsəd qoymaq əvəzinə, sənədi açmaq və yalnız başlıq yazmaqla başlamaq olar.
Bundan sonra beş dəqiqəlik taymer qurmaq və bu müddət ərzində yalnız həmin işə diqqət yetirmək tövsiyə olunur. Beş dəqiqə tamamlandıqdan sonra insan istəsə işi dayandıra bilər.
Ekspertin fikrincə, burada əsas məqsəd bütün tapşırığı dərhal başa çatdırmaq deyil, iş prosesinə başlamaqdır. İlk addım atıldıqdan sonra işi davam etdirmək adətən daha asan olur.
Prokrastinasiya ilə müntəzəm mübarizə aparmaq üçün böyük işləri kiçik mərhələlərə bölmək də tövsiyə edilir. Trepolski 25 dəqiqə işləmək və 5 dəqiqə fasilə vermək prinsipindən istifadə etməyi, həmçinin hər mərhələnin tamamlanmasından sonra özünə kiçik mükafat verməyi məsləhət görüb.
Ekspert süni son tarixlərin də müəyyən hallarda faydalı ola biləcəyini, lakin bunun əsasən həmkar və ya sifarişçi qarşısında real öhdəlik olduqda daha effektiv işlədiyini bildirib.
Trepolski həmçinin prokrastinasiyanı yorğunluq və peşəkar tükənmişlikdən fərqləndirməyin vacibliyini vurğulayıb. Əgər işləri təxirə salmaq problemi həyatın bütün sahələrinə yayılırsa və uzunmüddətli yuxu problemləri, ümidsizlik və ya panik ataklarla müşayiət olunursa, yalnız vaxtın idarə edilməsi üsullarından istifadə kifayət etməyə bilər.
Belə hallarda mütəxəssis peşəkar yardım almağı tövsiyə edib.
//Gülnarə Abasova, Editor.az

