Venesuelada seçkilərin vaxtı açıqlanmadı: “Ölkə hazır olduqda keçiriləcək”backend

Venesuelada seçkilərin vaxtı açıqlanmadı: “Ölkə hazır olduqda keçiriləcək”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Venesuelanın müvəqqəti prezidenti Delçi Rodriges ölkədə seçkilərin keçiriləcəyini, lakin bunun üçün əvvəlcə zəruri şərtlərin təmin edilməli olduğunu bildirib. O, seçkilərin dəqiq tarixini açıqlamayıb.

Editor.az xəbər verir ki, Rodriges Karakasdakı Miraflores Prezident Sarayında keçirdiyi mətbuat konfransında yanvarın 5-də vəzifəyə başladığı gündən etibarən ölkədə sabitliyin təmin olunması istiqamətində “gecə-gündüz” çalışdığını söyləyib.

Müvəqqəti prezident Venesuelanın seçkilərə hazır olması üçün işlərin davam etdirildiyini qeyd edərək, “Seçki olacaq, amma ölkə hazır olduqda” deyib.

Rodriges bildirib ki, ölkədə demokratik sabitliyin təmin olunması və Venesuelaya qarşı tətbiq edilən sanksiyaların aradan qaldırılması istiqamətində intensiv diplomatik fəaliyyət həyata keçirilir. Onun sözlərinə görə, ölkədə qüvvədə olan Konstitusiya və onun təmin etdiyi demokratik sistem mövcuddur.

Bununla yanaşı, Rodriges seçkilərin keçirilmə tarixini müəyyən edən şəxsin özü olmadığını vurğulayıb. “Seçki tarixini müəyyən edən orqan mən deyiləm”, – deyən Venesuela rəhbəri bununla bağlı konkret tarix açıqlamayıb.

ABŞ Prezidenti Donald Tramp isə daha əvvəl Venesuelanın seçkilərə hələ hazır olmadığını və ölkəyə bunun üçün daha çox vaxt lazım gəldiyini bildirib.

Rodrigesin seçkilərlə bağlı açıqlamaları Karakasla Vaşinqton arasında son günlər intensivləşən diplomatik və iqtisadi təmaslar fonunda səslənib. ABŞ və Venesuela arasında avqustun 28-də açıqlanan genişmiqyaslı neft əməkdaşlığı razılaşmasından sonra Venesuela hökuməti enerji sektoruna xarici investisiyaların cəlb edilməsi istiqamətində addımlarını davam etdirir.

//Gülnarə Abasova, Editor.az