ABŞ-nin daxili təhlükəsizlik naziri Markveyn Mallinin də olduğu “Gulfstream V” markalı təyyarə mühərrikində yaranan nasazlıq səbəbindən Vaşinqtondakı Ronald Reyqan adına hava limanında təcili eniş edib.
Oxu.Az xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.
Atlantadan Vaşinqtona doğru hərəkət edən hava gəmisinin sağ mühərriki uçuş əsnasında sıradan çıxıb. Heyət rəhbəri dərhal fövqəladə vəziyyət elan edərək eniş üçün icazə istəyib. Təyyarə ABŞ-nin Şərq vaxtı ilə saat 13:35-də (Bakı vaxtı ilə 21:35 – red.) yerə endirilib. Hadisə zamanı göyərtədə olan 14 nəfərdən heç biri xəsarət almayıb.
Enişdən sonra M.Mallin ABŞ Sahil Mühafizəsi pilotlarının tək mühərriklə enişi yüksək peşəkarlıqla həyata keçirdiklərini vurğulayıb. O, “X” sosial şəbəkəsindəki hesabında “Heç bir panika yaşanmadı, sadəcə qüsursuz peşəkarlıq nümayiş etdirildi”, – deyə qeyd edib. Nazirin sözlərinə görə, pilotlar yerə endikdən sonra bunun onlar üçün ilk belə təcrübə olduğunu bildiriblər.
“Reuters”in məlumatına görə, sözügedən “Gulfstream V” təyyarəsi 2002-ci ildən bəri istismar olunur və Vaşinqton aviabazasında yerləşir. ABŞ-nin Federal Mülki Aviasiya İdarəsi (FAA) məsələyə münasibət bildirməkdən imtina edərək sualları Sahil Mühafizəsinə yönləndirib. Qurum isə agentliyin sorğusuna hələlik operativ cavab verməyib.

