Rusiya Ukraynaya qarşı daha ağır zərbələr endirməyə hazırlaşır. Buna səbəb kimi Kreml rəhbərliyinin sülh danışıqlarının dalana dirəndiyi qənaətinə gəlməsi göstərilir.
Editor.az xəbər verir ki, “Bloomberg”in məlumatına görə, Kremlə yaxın üç mənbə Rusiyanın danışıqlarda irəliləyiş əldə olunmadığı təqdirdə hərbi əməliyyatları daha da gücləndirməyə hazırlaşdığını bildirib.
Məlumata əsasən, Moskva Ukraynaya qarşı hücumların intensivliyini artırmaq və daha dağıdıcı zərbələr endirmək variantını nəzərdən keçirir.
Rusiya və Ukrayna arasında sülh danışıqlarında son dövrlərdə ciddi irəliləyiş əldə olunmayıb. Moskva isə mümkün razılaşmanın “yerdəki reallıqları” nəzərə almalı olduğunu bildirir.
Bundan əvvəl Rusiya Prezidenti Vladimir Putin Ukraynanın Rusiya ərazisindəki iqtisadi obyektlərə hücumlarına cavab olaraq Kiyevin “ən həssas iqtisadi sektorlarına” zərbələr endiriləcəyi barədə xəbərdarlıq etmişdi.
//Samir Qurbanov, Editor.az

