Fransadan Ukraynanın silah alışına yeni məhdudiyyət təklifibackend

Fransadan Ukraynanın silah alışına yeni məhdudiyyət təklifi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fransa Ukraynanın Avropa İttifaqının (Aİ) ayırdığı vəsait hesabına Avropadan kənar ölkələrdən silah və hərbi texnika almasına imkan verən istisnaların müddətinin məhdudlaşdırılmasını istəyir.

Editor.az xəbər verir ki, Euronews yazır ki, söhbət Ukraynaya 2026–2027-ci illərdə dəstək məqsədilə nəzərdə tutulan 90 milyard avroluq Aİ kreditindən gedir. Kreditin 60 milyard avrosu hərbi yardım, 30 milyard avrosu isə iqtisadi dəstək üçün nəzərdə tutulub.

Mövcud qaydalara əsasən, Ukrayna müdafiə məhsulunun ümumi dəyərinin 35 faizindən çoxunu Aİ və Avropa İqtisadi Zonasından kənar ölkələrdən əldə edə bilməz. Lakin Avropada uyğun məhsulun olmaması, kifayət qədər istehsal gücünün mövcud olmaması, uzunmüddətli çatdırılma müddəti və ya yüksək qiymət kimi hallarda Kiyev istisna tələb edə bilər.
Ukrayna indiyədək iki belə istisna əldə edib.

Bunlardan biri Çində istehsal olunan dron komponentlərinin, digəri isə ABŞ istehsalı Patriot raketlərinin alınmasına aiddir. Avropa Komissiyası bu istisnaları Avropanın bəzi strateji sahələrdə kifayət qədər istehsal gücünə malik olmaması ilə əlaqələndirib.
Fransa isə istisnaların müvəqqəti olmasını və onların qüvvədə qalma müddətinə məhdudiyyət qoyulmasını təklif edir. Paris bununla Aİ vəsaitlərinin daha böyük hissəsinin Avropa, xüsusilə də Fransa müdafiə sənayesinin məhsullarına yönəldilməsinə nail olmağa çalışır.

Fransa Avropanın ən böyük müdafiə sənayelərindən birinə malik ölkələrdən biridir və İtaliya ilə birlikdə ABŞ istehsalı Patriot sisteminə əsas Avropa alternativlərindən biri hesab olunan SAMP/T hava hücumundan müdafiə sistemini istehsal edir.

//Samir Qurbanov, Editor.az