İrəvanda revanşist düşüncə niyə səngimir? – Ekspertdən diqqətçəkən açıqlamabackend

İrəvanda revanşist düşüncə niyə səngimir? – Ekspertdən diqqətçəkən açıqlama

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanla Ermənistan arasında müharibə başa çatdıqdan və sülh istiqamətində müəyyən addımlar atıldıqdan sonra belə, Ermənistanda bəzi siyasi dairələrin Azərbaycana qarşı əvvəlki ritorikadan əl çəkmədiyi müşahidə olunur. Xüsusilə Azərbaycanın Qarabağ və Qərbi Azərbaycanın tarixi-mədəni irsini beynəlxalq platformalarda təqdim etməsi Ermənistan müxalifətində ciddi narahatlıq doğurur. Praqada keçirilən foto sərgisinə Lilit Qalstyanın reaksiyası da bu baxımdan diqqət çəkir. Deputatın Azərbaycanın beynəlxalq arenada fəallaşmasını Ermənistan üçün mənfi hal kimi qiymətləndirməsi, məsələnin yalnız mədəni irslə bağlı olmadığını göstərir. Bu yanaşma Ermənistan daxilində sülh gündəliyi ilə revanşist siyasi düşüncə arasında ziddiyyətlərin hələ də mövcud olduğunu ortaya qoyur.

Maraqlıdır, Lilit Qalstyanın Praqada keçirilən adi bir mədəniyyət sərgisinə belə sərt reaksiya verməsi Ermənistan müxalifətində revanşist düşüncənin hələ də nə dərəcədə güclü olduğunu göstərir və bu cür yanaşmalar Azərbaycan-Ermənistan arasında formalaşmaqda olan sülh prosesinə hansı təsiri göstərə bilər?

AĞ Partiya sözçüsü, beynəlxalq münasibətlər üzrə şərhçi Cavanşir Abbaslı Editor.az-a açıqlamasında bildirib ki, Ermənistan müxalifətində revanşist düşüncənin hələ də mövcud olması və bu yanaşmanın erməni cəmiyyəti daxilində müəyyən dayaqlara malikliyi uzun müddətdir müşahidə olunur:

“Doğrudur, Paşinyan hakimiyyəti ilə müqayisədə revanşist qüvvələrin seçkilərdə topladığı səs kifayət qədər aşağıdır. Son illərdə keçirilən seçkilərin nəticələri də bunu göstərib. Bununla belə, erməni cəmiyyətinin təxminən 35-40 faizinin bu düşüncəyə müəyyən dərəcədə rəğbət bəslədiyini nəzərə almaq lazımdır. Bu yanaşma yalnız Ermənistan daxilində müşahidə olunmur. Xaricdə fəaliyyət göstərən erməni diaspor təşkilatları arasında da revanşist mövqedən çıxış edən kifayət qədər böyük qruplar var. Xüsusilə ABŞ, Fransa və digər Avropa ölkələrində fəaliyyət göstərən bəzi erməni dairələri Azərbaycan-Ermənistan münasibətlərində sülh prosesinə qarşı mövqe sərgiləyirlər. Lakin hesab edirəm ki, bu qüvvələrin proseslərin qarşısını almaq imkanları məhduddur. Azərbaycanla Ermənistan arasında sülh prosesi artıq həlledici mərhələyə qədəm qoyub. Xüsusilə ötən il, avqustun 8-də ABŞ-da əldə olunan məlum paraflanma sənədindən sonra proses daha da sürətlənib. Revanşist qüvvələr müəyyən mənada prosesə mane olmağa, ictimai rəyi qarışdırmağa çalışsalar da, onların sülh gündəmini dəyişdirəcək siyasi və ictimai gücə malik olduqlarını düşünmürəm.

Üstəlik, Ermənistanın sabiq prezidentləri Robert Köçəryan və Serj Sərkisyan barəsində cinayət işlərinin açılması revanşist düşərgəyə ciddi siyasi zərbədir. Çünki Ermənistanın keçmiş rəhbərləri uzun illər ərzində “Qarabağ klanı” və revanşist siyasi düşərgənin əsas simaları kimi çıxış ediblər.

Samuel Karapetyan və digər müxalifət liderlərini də bu sıraya müəyyən mənada daxil etmək mümkündür. Ancaq revanşist düşüncənin siyasi dayaqlarının formalaşmasında əsas fiqurlar məhz Robert Köçəryan və Serj Sərkisyan olub.

Bu baxımdan onların siyasi nüfuzunun və revanşist düşərgənin dayaqlarının zəifləməsi Azərbaycan-Ermənistan sülh prosesinin perspektivi baxımından müsbət haldır. Hesab edirəm ki, “Qarabağ klanı”nın əsas simalarına qarşı hüquqi və siyasi təzyiqlərin artması Ermənistan cəmiyyətində revanşist düşüncənin dəstək səviyyəsinə də təsir göstərəcək. Nəticədə Ermənistan cəmiyyətində sülh tərəfdarlarının mövqeyi daha da güclənə, revanşist qüvvələrin siyasi çəkisi isə tədricən azala bilər. Çünki bölgədə yeni reallıq artıq formalaşıb və bu reallığın qarşısını keçmişin revanşist şüarları ilə almaq mümkün deyil”.

//Gülnarə Abasova, Editor.az