Uşağın məktəbə getmək istəməməsi hər zaman tənbəlliklə əlaqəli olmaya bilər. Mütəxəssislərin fikrincə, bu davranış yuxu rejiminin pozulması, həddindən artıq yorğunluq, dərs yükünün çoxluğu, eləcə də həmyaşıdlarla münasibətlərdə yaranan problemlərlə bağlı ola bilər.
Editor.az xəbər verir ki, pedaqoq-psixoloq Anna Vasilyeva bildirib ki, xüsusilə uzunmüddətli tətildən sonra uşağın məktəb rejiminə qayıtması müəyyən vaxt tələb edir. Tətil zamanı gec yatmağa və səhərlər gec oyanmağa öyrəşən uşaqların əvvəlki rejimə qayıtması çətinləşə bilər. Yuxu çatışmazlığı isə səhərlər oyanmağı çətinləşdirir və məktəbin uşaqda yorğunluqla əlaqələndirilməsinə səbəb ola bilər.
Psixoloq valideynlərə axşam saatlarında uşaqların telefon və planşetdən istifadəsini məhdudlaşdırmağı, yuxu rejimini isə tədricən bərpa etməyi tövsiyə edib. Eyni zamanda, uşağın yaşına uyğun müddətdə yatmasına diqqət yetirilməlidir. Dərs ilinin ilk həftələrində əlavə məşğələlərlə həddindən artıq yüklənmənin də qarşısı alınmalıdır. Bəzi hallarda uşağın “məktəbə getmək istəmirəm” deməsinin arxasında sadəcə yorğunluq dayana bilər.
Mütəxəssisin sözlərinə görə, valideynlər uşağın davranışındakı dəyişikliklərə diqqətlə yanaşmalıdırlar. Tez-tez əsəbilik, səbəbsiz baş və ya qarın ağrısı, yuxu pozuntusu, əvvəllər maraq göstərdiyi fəaliyyətlərə həvəsin azalması və davamlı yorğunluq uşağın həddindən artıq stress keçirdiyinə işarə edə bilər.
Belə vəziyyətlərdə uşağın gündəlik rejiminə yenidən baxılması, istirahət, gəzinti və sərbəst oyun üçün kifayət qədər vaxt ayrılması vacibdir. Valideynlər uşağı yalnız qiymətlərinə görə qiymətləndirməməli, onun göstərdiyi səyi də nəzərə almalıdırlar. Uşağın səhv etməsinin normal olduğu izah edilməli, onu digər şagirdlərlə müqayisə etməkdən çəkinmək lazımdır.
Psixoloq həmçinin məktəbə getməkdən kəskin imtinanın səbəbləri arasında həmyaşıdlarla münasibətlərdə yaranan problemlərin və bullinqin də ola biləcəyini vurğulayıb. Uşaqlar belə hallarda yaşadıqları problemlər barədə valideynlərinə hər zaman açıq danışmaya bilərlər. Buna görə də məktəbə getməkdən davamlı imtina, davranışda kəskin dəyişiklik və ya məktəblə bağlı qorxu valideyn üçün ciddi siqnal olmalıdır.
Belə bir vəziyyətdə uşaqla sakit şəkildə danışmaq, onu dinləmək və problemin səbəbini müəyyənləşdirməyə çalışmaq tövsiyə olunur. Zərurət yaranarsa, valideynlər sinif rəhbəri və məktəb psixoloqu ilə əlaqə saxlamalıdırlar. Əgər problem bullinqlə bağlıdırsa, uşağın yaşadığı vəziyyət diqqətdən kənarda saxlanılmamalı və ona böyüklərin dəstəyi göstərilməlidir.
//Gülnarə Abasova, Editor.az

