“Rus ordusunun Azərbaycana yenidən girməsi planlaşdırılırdı” – Sabiq prezident köməkçisibackend

“Rus ordusunun Azərbaycana yenidən girməsi planlaşdırılırdı” – Sabiq prezident köməkçisi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

1994-cü ildə Azərbaycanla Ermənistan arasında imzalanan atəşkəs sənədi – “Bişkek protokolu” uzun illər müxalifət tərəfindən “xəyanət dosyesi” kimi təqdim olunub. Hətta 1994-cü il mayın 14-də Bakıda bununla bağlı birləşmiş müxalifətin geniş etiraz aksiyası keçirilib.

“Bişkek protokolu” niyə “xəyanət dosyesi” kimi təqdim olunur və ona qarşı çıxılırdı?

Globalinfo.az-a danışan politoloq, sabiq prezident Əbülfəz Elçibəyin köməkçisi olmuş Oqtay Qasımov deyib ki, həmin vaxt Bişkekdə imzalanan protokol birmənalı qarşılanmırdı:

“Əsas səbəblərdən biri o dövrdə Rusiyanın hərbi qüvvələrini yenidən Azərbaycana qaytara biləcəyi ilə bağlı ciddi narahatlıqların olması idi. Sənəddə separatçıların imzasının yer alması ilə bağlı iddialar da geniş müzakirə olunurdu. Azərbaycan cəmiyyətində və siyasi mühitində bu məsələlərə fərqli yanaşmalar mövcud idi. Müxalifətin əsas etirazı isə birbaşa “Bişkek protokolu”nun özündən daha çox, rus qoşunlarının yenidən Azərbaycana gətirilməsi ilə bağlı ehtimallara qarşı yönəlmişdi. Söhbət daha çox 1993-cü ilin mayında Azərbaycandan çıxarılan rus ordusunun müxtəlif formatlarda geri qaytarılması təhlükəsinə etirazdan gedirdi”.

O.Qasımov bildirib ki, müxalifətin həmin dövrdə rus qoşunlarının Azərbaycana qaytarılması ehtimalına qarşı keçirdiyi etiraz aksiyaları dövlətçilik baxımından mühüm siyasi mövqe idi:

“Çünki o illərdə Rusiyanın Azərbaycandakı proseslərə təsiri ilə bağlı ciddi iddialar səslənirdi. 1993-cü ildə Rusiyanın Azərbaycanda həyata keçirdiyi çevriliş, Surət Hüseynov qiyamına verilən dəstək və Azərbaycan torpaqlarının işğalı fonunda Moskvanın regiondakı maraqları geniş şəkildə müzakirə olunurdu. Hesab edilirdi ki, Moskvanın əsas məqsədlərindən biri bölgədə hərbi-siyasi mövcudluğunu qorumaq və müxtəlif mexanizmlərlə, o cümlədən “sülhməramlı missiya” adı altında yenidən Azərbaycan ərazisində möhkəmlənmək idi. Cəmiyyətdə formalaşan bu etiraz mühiti müəyyən mənada hakimiyyətin də Rusiyanın təzyiqlərinə qarşı müqavimət imkanlarını artırırdı. Yəni ictimai mövqe hakimiyyət üçün əlavə siyasi dayaq rolunu oynayırdı”.

Politoloq qeyd edib ki, sonrakı mərhələdə Azərbaycan gücləndikcə proseslərin dinamikası dəyişməyə başladı:

Xüsusilə neft müqavilələrinin imzalanması, ölkəyə böyük maliyyə resurslarının daxil olması və həmin vəsaitlərin ordunun, dövlət institutlarının və iqtisadiyyatın gücləndirilməsinə yönəldilməsi Azərbaycanın strateji imkanlarını artırdı. Bu proses illər ərzində ölkənin hərbi, siyasi və diplomatik baxımdan mövqelərinin möhkəmlənməsinə səbəb oldu və nəticədə Azərbaycanın ərazi bütövlüyünün tam təmin olunması ilə nəticələnən mərhələyə gətirib çıxardı.

Bu səbəbdən tarixə yanaşarkən hadisələri birtərəfli deyil, daha obyektiv və geniş kontekstdə qiymətləndirmək vacibdir. Müxalifətin həmin dövrdəki etirazlarını da yalnız daxili siyasi mübarizə kimi deyil, həm də Rusiyanın Azərbaycandakı təsir imkanlarının genişlənməsi və rus ordusunun geri qaytarılması ehtimalına qarşı ictimai reaksiyanın ifadəsi kimi dəyərləndirmək lazımdır”.