Azərbaycan-Ermənistan münasibətlərində son dövrlərdə müşahidə olunan diplomatik aktivlik regionda yeni siyasi mərhələnin formalaşdığına dair ehtimalları gücləndirir. Rəsmi Bakı ilə İrəvan arasında təmasların intensivləşməsi, qarşılıqlı mesajların daha praqmatik məzmun daşıması və regional əməkdaşlıq perspektivlərinin gündəmə gəlməsi sülh prosesinin əvvəlki dövrlərlə müqayisədə daha real müstəviyə keçdiyini göstərir. Bununla yanaşı, prosesin yekun nəticəsi Ermənistan daxilindəki siyasi vəziyyət və xarici təsir amillərindən də ciddi şəkildə asılı olaraq qalır.
Politoloq Elçin Xalidbəyli Editor.az-a açıqlamasında bildirib ki, hazırda həm Azərbaycan, həm də Ermənistan rəhbərliyi sülh sazişinin imzalanmasına müəyyən mənada hazır görünür:

“Əsas fərq ondan ibarətdir ki, Azərbaycanda həm siyasi hakimiyyət, həm də cəmiyyət sülh gündəmini dəstəkləyir, Ermənistanda isə bu məsələyə münasibət birmənalı deyil. Baş nazir Nikol Paşinyan və onun siyasi komandası sülh müqaviləsinin imzalanmasına meylli olsa da, Ermənistanda Rusiyaya yaxın siyasi dairələr və onların sosial dayaqları bu prosesə ciddi müqavimət göstərirlər. Politoloqun fikrincə, hazırda regionda genişmiqyaslı siyasi transformasiya prosesi gedir və Moskvanın Ermənistandakı təsir şəbəkəsi bu prosesi ləngitməyə çalışır.
Ermənistanda keçiriləcək növbəti parlament seçkilərində Paşinyan hakimiyyətinin mövqeyini qoruması həm Azərbaycan-Ermənistan münasibətlərində, həm də bütövlükdə Cənubi Qafqazda yeni və daha müsbət mərhələnin başlanmasına səbəb ola bilər. Belə bir nəticə yekun sülh sazişinin imzalanmasını sürətləndirə, eyni zamanda Ermənistan konstitusiyasında Azərbaycana qarşı ərazi iddiaları ilə bağlı müddəaların aradan qaldırılması istiqamətində real addımların atılmasına yol aça bilər.
Politoloq vurğulayıb ki, mümkün siyasi sabitlik fonunda iki ölkə arasında iqtisadi və ticari münasibətlər də yeni mərhələyə keçə bilər:
” Artıq müəyyən əməkdaşlıq elementləri formalaşmaqdadır. Azərbaycanın Ermənistana enerji resurslarının çatdırılması və regional nəqliyyat-kommunikasiya xətlərinin istifadəyə açılması bunun ilkin nümunələri kimi qiymətləndirilir. Rusiyadan və Orta Asiyadan Ermənistana yönələn bəzi yüklərin Azərbaycan ərazisindən tranziti regionda yeni reallıqların formalaşdığını göstərir. Paşinyan hakimiyyətinin yenidən qələbə qazanacağı təqdirdə, Azərbaycan və Ermənistan arasında siyasi-diplomatik münasibətlərin qurulması ehtimalı da yüksələcək. Bu isə regionda normal qonşuluq münasibətlərinin formalaşması və uzunmüddətli sabitliyin təmin olunması baxımından mühüm əhəmiyyət daşıya bilər.
Qarşıdakı parlament seçkiləri Ermənistan üçün strateji seçim xarakteri daşıyır. Ermənistan cəmiyyəti ya sülh və regional inteqrasiya xəttini, ya da xarici təsirlərin diktə etdiyi gərginlik siyasətini seçməli olacaq. Rusiyaya yaxın qüvvələrin hakimiyyətə gəlməsi indiyədək sülh prosesində əldə olunan nəticələri risk altına sala və Cənubi Qafqazda hərbi-siyasi gərginliyi yenidən artıraraq regionun təhlükəsizliyinə mənfi təsir göstərə bilər. Paşinyan hakimiyyətinin mövqeyini qoruması Zəngəzur dəhlizi layihəsinin reallaşması perspektivlərini də gücləndirə bilər. Bu layihənin həyata keçirilməsi bütövlükdə Cənubi Qafqazın iqtisadi və geosiyasi inkişafında yeni mərhələnin əsasını formalaşdıracaq”.
//Gülnarə Abasova, Editor.az


