Türkiyə və Ermənistan birbaşa ticarətin başlanmasına hazırlığı başa çatdırıb.
Musavat.com bildirir ki, Türkiyə Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Öncü Keçeli məlumat yayıb.
“2022-ci ildən davam edən Ermənistanla münasibətlərin normallaşdırılması prosesi kontekstində qəbul edilmiş etimadın möhkəmləndirilməsi tədbirləri çərçivəsində ölkəmizlə Ermənistan arasında birbaşa ticarətin başlanması üçün bürokratik hazırlıqlar 11 may 2026-cı il tarixinə tamamlanıb”, – diplomat bildirib. Bununla belə, Keçeli iki ölkə arasında ümumi sərhədin açılması üçün zəruri texniki və bürokratik işlərin davam etdirildiyini diqqətə çatdırıb.
Qeyd edək ki, Ankara və İrəvan arasında birbaşa ticarətin başlanması üçün bütün bürokratik hazırlıqların tamamlanması iki ölkə arasında iqtisadi əlaqələrin genişlənməsi baxımından mühüm hadisədir. Bununla yanaşı, sərhədlərin açılması istiqamətində texniki və inzibati işlərin davam etdirilməsi də regionda əməkdaşlıq və qarşılıqlı etimad mühitinin formalaşmasına xidmət edən prosesin davam etdiyini göstərir.

Politoloq Məhəmməd Əsədullazadə Musavat.com-a bildirib ki, regionda yeni siyasi mərhələ başlanır:\
“Bu, Cənubi Qafqazda siyasi transformasiyanı daha da inkişaf etdirəcək. Sülhü və təhlükəsizliyi gücləndirməklə yanaşı, kənar güclərin regiona müdaxiləsini neytrallaşdıracaq. Türkiyə və Ermənistan arasında normallaşma,Ş Azərbaycanla Ermənistan arasında davam edən proseslərlə eyni müstəvidə davam edir. Artıq Ermənistan Azərbaycan və Türkiyə ilə ticarət əlaqələrini qurur. Bu, Ermənistanın yaxın perspektivdə Rusiyadan iqtisadi asılılığına son qoya bilər. Həmçinin ölkənin müstəqilliyini və müstəqil qərar verməsini gücləndirəcəyi şübhəsizdir”.

Onun fikrincə, Ermənistan növbəti mərhələdə Avropa ilə quru əlaqələrə malik olacaq: “Azərbaycanla Ermənistan arasında yekun sülh müqaviləsindən sonra Türkiyə və Ermənistan sərhədlərinin açılması gözlənilir. Ermənistan Türkiyəyə qarşı ərazi iddialarına son verib. Gerbdən və bütün sənədlərdən Ağrı dağının təsvirini çıxarıb. Ermənistan normal və müstəqil dövlət olmaq istəyirsə, məhz Azərbaycan və Türkiyəyə qarşı düşmənçilik siyasətinə son verməlidir. Ticarət sazişinin əldə edilməsi Türkiyənin Cənubi Qafqazda siyasi -iqtisadi mövqeyini də gücləndirəcək. Növbəti mərhələdə Zəngəzur dəhlizinin açılması üç ölkə arasında nəqliyyat sistemlərinin birləşməsinə gətirib çıxaracaq”.
Musavat.com


