“Bank Respublika”da təhlükəli dinamika: depozitlər çıxır, likvid vəsaitlər “əriyir”backend

“Bank Respublika”da təhlükəli dinamika: depozitlər çıxır, likvid vəsaitlər “əriyir”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Bank Respublika” ASC-nin 2026-cı ilin birinci rübü üzrə açıqladığı maliyyə hesabatı bankın həm depozit bazasında, həm də likvidlik göstəricilərində ciddi geriləmə olduğunu aşkar edib. Xüsusilə iri biznes müştərilərinin bankdan vəsaitlərini kütləvi şəkildə çıxarması diqqət çəkir.

AFN.az-ın məlumatına görə, bankın rəsmi hesabatlarını analiz etdikdə ortaya çıxan mənzərə göstərir ki, 2025-ci ilin sonu ilə müqayisədə ümumi depozit portfeli 203 milyon manat (təxminən 15%) kiçilərək 1,154 milyard manata düşüb. Bu kəskin azalmanın daxili strukturuna baxdıqda, əsas “qaçışın” korporativ sektorda baş verdiyi aydın olur. Belə ki, sözügedən dövrdə hüquqi şəxslərin vəsaitləri 753,4 mln manatdan 550,9 mln AZN-ə düşüb ki, bu da 202,6 mln AZN azalma deməkdir. Fiziki şəxslərin vəsaitləri isə demək olar ki, stabil qalıb: 603,7 mln ➔ 603,3 mln AZN.

Bu mənzərə onu göstərir ki, bank fərdi müştəriləri qoruya bilsə də, biznes tərəfdaşları və iri şirkətlər bankı tərk etməyə üstünlük verir. Korporativ etibarın bu dərəcədə sarsılması bankın bazar payı üçün ciddi risk siqnalıdır.

Nağd vəsaitlər 59 faiz azalıb

Depozit çıxışı bankın daxili resurslarını da zəiflədib. Hesabat dövründə bankın ən likvid aktivlərində kəskin düşmə qeydə alınıb. Nağd pul vəsaitləri 524,7 mln manatdan 217,1 mln manata düşüb ki, bu da 307 mln AZN azalma deməkdir. Bankın investisiya portfeli 138,7 mln manatdan 33,9 mln manata qədər geriləyib.

Aktivlərin ümumi həcmi isə rüb ərzində 85,7 milyon manat azalaraq 2,639 milyard manata enib. Bu, bankın balansının böyümə deyil, sıxılma dövrünə qədəm qoyduğunu sübut edir.

Borclanma hesabına “nəfəs almaq”

Depozit bazasındakı boşluğu doldurmaq üçün bank xarici və daxili borclanmaya üz tutub. Kredit təşkilatları və digər maliyyə institutları qarşısında öhdəliklər 394,5 milyon manat (55 faiz) artaraq 1,1 milyard manatı ötüb. Bu, bankın maliyyələşmə strukturunun daha baha və riskli olan banklararası borclanmaya söykəndiyini göstərir.

Bankın kredit portfeli ötən ilin eyni dövrü ilə müqayisədə artsa da, cari rüb ərzində 18,5 milyon manatlıq kiçilmə müşahidə olunur. 2,6 milyardlıq aktiv fonunda 17 milyon manatlıq rüblük mənfəət isə bankın gəlirlilik marjasının aşağı olduğunu və gələcək riskləri kompensasiya etmək potensialının məhdudluğunu göstərir.

“Bank Respublika”nın 2026-cı il startı “müdafiə rejimi” təsiri bağışlayır. Korporativ müştərilərin 200 milyonluq vəsaiti çıxarması, likvidliyin sürətlə azalması və borclanmanın artması bank rəhbərliyi üçün təcili antiböhran tədbirləri görülməsini zəruri edir. Əks halda, müştəri etimadının zəifləməsi bankın maliyyə dayanıqlığını daha ciddi sınağa çəkə bilər.