Xəbər verdiyimiz kimi, qanunsuz silah-sursatı əldə etmə, saxlama və gəzdirmə ittihamı ilə saxlanılan “Qəbələ Xanlar”ın inzibatçısı Zaur Rəsulovun məhkəmə prosesi başa çatıb.
Xitab24.az-ın məlumatına görə, Qəbələ Rayon Məhkəməsi tərəfindən azadlığı 2 il, 1 ay, 24 gün müddətinə məhdudlaşdırılan (elektron qolbaq) Zaur Rəsulovun prosesində ona silah satan şəxslər də ifadə verib.
Əvvəlcə, məhkəmə iclasında təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilib və Azər Qəhrəmanovdan silah aldığını etiraf edib.
Zaur Rəsulov silahı 200 manata aldığını, 2 ay özündə saxladığını deyib.
Zaura silahı satmaq təklifini isə Azər Qəhrəmanov irəli sürüb. Belə ki, təqsirləndirilən şəxslər silahı taparkən Azər “tapança barədə Zaur müəllimə deyək, bəlkə almaq istəyər” fikrini irəli sürüb. Növbəti gün isə Azər tapançanı Zaura 200 manata satıb və özünə o puldan 10 manat götürüb, qalanını silahı tapan şəxslərə verib.
Silahı tapan Nazim Həsənov isə “Qəbələ Xanlar” restoranında santexnik işləyib. Nazim Həsənov tapdığı silahı satana qədər onu restoranın həyətində gizlədib, gizlətdiyini heç kimə deməyib.
“Zaur Rəsulov “Qəbələ Xanlar”da məsul şəxsdir. Onu ikinci müdir kimi görürdük” – deyə N.Həsənov ifadəsində bildirib.
Onu da bildirək ki, ilkin araşdırma zamanı A.Qəhrəmanovun silahı ölkənin bir çox yerində filialı olan “Qəbələ Xanlar” restorannda çalışan qayınatası, 1959-cu il təvəllüdlü Nazim Həsənov və qaynı, 1997-ci il təvəllüdlü Murad Həsənovdan əldə etdiyi müəyyən edilib. Onların cinayət əməlinin üstünü isə polis açıb.
Polis tərəfindən keçirilən əməliyyat zamanı Qəbələdə gizlətdiyi 1 ədəd atəşə yararlı “CZ” markalı tapança və 13 ədəd patron aşkar edilərək götürülüb.
Onu da bildirək ki, növbəti instansiyada dövlət ittihamçısı Zuar Rəsulova verilən cəzanı yüngül hesab edib və bunun üçün protest verib. Lakin apellyasiya instansiyası ilk hökmü dəyişdirmədən qüvvədə saxlayıb.
Qeyd edək ki, Zaur Rəsulov “Qəbələ Xanlar” şəbəkəsinin sahibi Xanlar Kərimovun yaxın qohumudur.


