Alimlər yadplanetlilərin axtarışı üçün yeni üsul təklif ediblərbackend

Alimlər yadplanetlilərin axtarışı üçün yeni üsul təklif ediblər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Alimlər Yer kürəsindən kənarda həyatın aşkarlanması üçün yeni yanaşma irəli sürüblər. Tədqiqatçılar hesab edirlər ki, yadplanetli həyat formalarını ayrı-ayrı molekullar vasitəsilə deyil, onların paylanmasındakı gizli statistik qanunauyğunluqlar əsasında müəyyən etmək mümkündür.

Editor.az xəbər verir ki, bu barədə araşdırmanın nəticələri Nature Astronomy jurnalında dərc olunub.

Məlumata görə, alimlər uzun illərdir digər planetlərdə həyat izlərini amin turşuları, yağ turşuları və müxtəlif üzvi birləşmələr vasitəsilə axtarıblar. Lakin problem ondadır ki, bu maddələrin bir çoxu canlı orqanizmlər olmadan da, məsələn, meteoritlərdə və ya kosmik kimyəvi reaksiyalar nəticəsində yarana bilir.

Yeni tədqiqatın müəllifləri isə molekulların özünü deyil, onların təşkilatlanma prinsiplərini araşdırmağı təklif ediblər. Bunun üçün ekologiyada biomüxtəlifliyin qiymətləndirilməsi zamanı istifadə olunan statistik metodlardan yararlanılıb. Tədqiqat çərçivəsində mikroblar, torpaq nümunələri, fosillər, meteoritlər, asteroidlər və laboratoriyada əldə edilmiş sintetik maddələr daxil olmaqla 100-ə yaxın məlumat bazası analiz edilib.

Araşdırma nəticəsində məlum olub ki, canlı sistemlərdə amin turşuları daha müxtəlif və daha bərabər paylanmış formada olur. Yağ turşularında isə əks tendensiya müşahidə edilib. ABŞ-ın University of California, Riverside universitetinin planetologiya üzrə dosenti Fabian Klennner bildirib ki, həyat yalnız molekullar deyil, həm də statistik üsullarla müəyyən edilə bilən xüsusi təşkilatlanma prinsipi yaradır.

Alimlərin sözlərinə görə, metod hətta qədim və ciddi şəkildə dəyişmiş nümunələrin analizində də effektiv olub. Belə ki, dinozavr yumurtalarının fosilləşmiş qabıqlarında belə bioloji mənşəyə aid statistik əlamətlər qorunub saxlanılıb.

Tədqiqat müəllifləri hesab edirlər ki, bu yanaşma gələcək kosmik missiyalarda Mars, Europa və Enceladus kimi obyektlərdə həyat izlərinin axtarışı üçün istifadə oluna bilər.

//Gülnarə Abasova, Editor.az