Yaponiyanın Kyusyu Universitetinin professoru Toşiharu Ninomiyanın sözlərinə görə, yaşlı insanlarda demensiyanın profilaktikasında ən böyük səhv xəstəliyin qarşısını almaq üçün yalnız bir risk faktoruna diqqət yetirməkdir. Alim hesab edir ki, demensiyanın inkişaf riskini azaltmaq üçün bütün risk amillərinə kompleks şəkildə nəzarət edilməlidir.
Editor.az bu barədə xarici mediaya istinadla yazıb.
Professor və həmkarları Yaponiyada yaşı 65-dən yuxarı olan 9 605 nəfərin məlumatlarını təhlil ediblər. Araşdırma zamanı genetik meyillə yanaşı, yüksək qan təzyiqi, şəkərli diabet, aşağı bədən kütlə indeksi, insult, siqaret çəkmə və fiziki passivlik kimi dəyişdirilə bilən risk faktorlarının demensiyaya təsiri öyrənilib.
Ninomiya bildirib ki, yalnız təzyiqə, diabetə, siqaret istifadəsinə və ya fiziki aktivliyə fokuslanmaq düzgün yanaşma deyil. Onun fikrincə, xüsusilə 60 yaşdan yuxarı şəxslər və ailəsində demensiya halları olan insanlar həyat tərzlərini mümkün qədər erkən dəyişməli, hipertoniya və diabetin profilaktikasına xüsusi diqqət yetirməlidirlər.
Alim vurğulayıb ki, sağlam həyat tərzi, yüksək qan təzyiqi və diabetin erkən aşkarlanaraq müalicə olunması təkcə demensiya riskini azaltmır, eyni zamanda bir çox digər xroniki xəstəliklərin qarşısının alınmasına da kömək edir.
Tədqiqatın nəticələrinə əsasən, risk faktorlarının sayı artdıqca demensiyaya tutulma ehtimalı da yüksəlir. Buna görə də mütəxəssislər genetik meyildən asılı olmayaraq sağlam həyat tərzinin qorunmasını və risk amillərinin kompleks şəkildə idarə olunmasını tövsiyə edirlər.
//Gülnarə Abasova, Editor.az


