Cənubi Qafqazda davamlı sülhün, regional təhlükəsizliyin və iqtisadi inteqrasiyanın təmin olunması baxımından “3+3” əməkdaşlıq platforması xüsusi əhəmiyyət daşıyır. Azərbaycanın təşəbbüsü ilə irəli sürülən bu format region ölkələrinin problemlərinin kənar müdaxilələr olmadan, birbaşa dialoq və qarşılıqlı əməkdaşlıq yolu ilə həllinə xidmət edir. Bununla yanaşı, mövcud geosiyasi reallıqlar və bəzi iştirakçı ölkələr arasında həllini tapmamış ziddiyyətlər platformanın tam potensialı ilə fəaliyyət göstərməsinə müəyyən maneələr yaradır.
Politoloq Elçin Xalidbəyli Editor.az-a açıqlamasında bildirib ki, “3+3” formatı Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə formalaşdırılıb:
“Bu format çərçivəsində artıq bir neçə toplantı keçirilib və ümumi qənaət ondan ibarətdir ki, ‘3+3’ platforması Cənubi Qafqazın ümumi problemlərinin həlli prosesində kifayət qədər effektiv mexanizm ola bilər. Lakin hazırda formatın tam tərkibdə fəaliyyət göstərməsi baxımından müəyyən çətinliklər mövcuddur və bu çətinliklərin əsas səbəbi Gürcüstanın mövqeyidir.
Gürcüstan Rusiyanı öz ərazilərinin işğalında və separatizmi dəstəkləməkdə ittiham edir. Rusiya ilə Gürcüstan arasında Abxaziya və Cənubi Osetiya məsələləri hələ də həllini tapmayıb. Tbilisi Moskvanın bu regionlardakı separatçı qüvvələrə dəstəyindən imtina etməsini tələb edir və bu baş verməyənədək Rusiyanın iştirak etdiyi platformalara qoşulmayacağını bəyan edib. Məhz buna görə də Gürcüstan “3+3” formatında iştirak etməkdən imtina edir.
Bununla belə, Gürcüstanın iştirakı olmadan keçirilən görüşlər də müəyyən nəticələr verməkdədir. Son dövrlərdə isə bu format üzrə toplantıların keçirilməsi nisbətən çətinləşib. Buna Ukrayna müharibəsi, Yaxın Şərqdə davam edən qarşıdurmalar, eləcə də Cənubi Qafqazda geosiyasi proseslərin yeni istiqamətlər alması təsir göstərir və platformanın effektiv fəaliyyətinə müəyyən maneələr yaradır.
Bütün bunlara baxmayaraq, hazırkı mərhələdə “3+3″ formatının yenidən fəallaşdırılmasına ehtiyac duyulur. Hesab etmək olar ki, yaxın perspektivdə bu istiqamətdə konkret addımların atılması mümkündür”.
//Gülnarə Abasova, Editor.az


