Avstraliyanın ən böyük qızıl mədənlərindən birində zəlzələ səbəbindən hasilat və istehsal işləri müvəqqəti olaraq dayandırılıb, bütün işçilər təhlükəsizlik məqsədilə təxliyə edilib.
Editor.az News.com.au nəşrinin məlumatına görə xəbər verir ki, hadisə Yeni Cənubi Uels ştatının Mərkəzi Yaylalar bölgəsində, mədənin yerləşdiyi əraziyə yaxın sahədə baş verən zəlzələdən sonra qeydə alınıb.
Avstraliya Geologiya Xidmətinin açıqlamasında bildirilir ki, 3,4 bal gücündə zəlzələnin episentri Orinc şəhərinin cənub-qərbində yerləşib. Yeraltı təkanların ocağı təxminən 1 kilometr dərinlikdə qeydə alınıb.
Mədəni istismar edən Newmont şirkətinin nümayəndəsinin sözlərinə görə, hadisə nəticəsində xəsarət alan olmayıb. Bununla belə, təhlükəsizlik tədbirləri çərçivəsində istehsal prosesi dayandırılıb və bütün əməkdaşlar yerin səthinə çıxarılıb.
Qeyd edək ki, bu ilin aprel ayında da Avstraliyanın cənubunda 5,5 bal gücündə zəlzələ qeydə alınmışdı. Yeraltı təkanlar Adelaidadan 1258 kilometr şimal-qərbdə, əhalisi min nəfərdən az olan Yulara qəsəbəsindən isə 99 kilometr cənubda baş vermişdi. Təxminən 10 kilometr dərinlikdə meydana gələn zəlzələ nəticəsində insan tələfatı və ya ciddi dağıntılar qeydə alınmamışdı.
//Gülnarə Abasova, Editor.az


