Rusiyada 9 mayda keçiriləcək Qələbə paradında hərbi texnikalar olmayacaq. Qırmızı Meydan üzərindən yalnız hərbi kolonlar keçəcək. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bu qərarı Kiyevin “terror fəaliyyəti” ilə bağlayıb.
“Hərbi əməliyyatlardan danışırıq. Hər gün döyüş meydanında mövqelərini itirən Kiyev rejimi indi tammiqyaslı terror hücumuna başlayıb. Buna görə də, bu terror təhdidi fonunda, əlbəttə ki, təhlükəni minimuma endirmək üçün bütün tədbirlər görülür. Parad keçiriləcək. Amma unutmayaq ki, keçənilki parad yubiley paradı idi və genişmiqyaslı keçirilməliydi. Bu il texnikalar olmasa da, parad yenə də, baş tutacaq”- o, deyib.

Peskovun izahı inandırıcıdırmı, yoxsa başqa səbəblər ola bilər?
Politoloq Əli Orucov Musavat.com-a bildirib ki, parada hərbi texnikanın cəlb edilməməsi təhlükəsizlikdən doğan narahatlıqdır: “Ötən il baş tutan hərbi paradda Ukrayna təhdid bəyanatları versə də, beynəlxalq etirazlar yaradacağından və ağır nəticələrindən ehtiyatlanaraq hər hansı hücum etmədi. Kiyevin bu dəfə parada qatılacaq hərbi texnikaya və silahlara hücum etməyəcəyi barədə etibarlı təminat yoxdur. Bu Ukrayna PUA-ları üçün açıq hədəf halına gəlməsi deməkdir. Digər tərəfdən cəbhə boyu gərgin döyüşlərin getdiyi məqamda hərbi texnikanın döyüş zonasından çıxarılaraq paytaxta gətirilməsi həm logistik, həm də strateji olaraq doğru olmazdı”.
Onun fikrincə, Rusiya canlı qüvvəyə hücum gözləmir: “Rusiya üçün canlı qüvvə ciddi itki olsa da, bir o qədər əhəmiyyət daşımır. İkinci dünya müharibəsində əsgərlərdən canlı “şit” kimi istifadə olunmuşdu. Kremlin müharibə konsepsiyası da məhz bunun üzərində qurulub”.

