Zelenski ilə bağlı xəbər Ermənistanı qarışdırdı: Nə Paşinyanın, nə də Rusiyanın xoşuna gələcəkbackend

Zelenski ilə bağlı xəbər Ermənistanı qarışdırdı: Nə Paşinyanın, nə də Rusiyanın xoşuna gələcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna Prezidenti Volodimir Zelenskinin Avropa Siyasi Birliyinin Ermənistanda keçiriləcək sammitində iştirak edəcəyinə dair məlumat yayılıb.

Mayın 4-də İrəvanda baş tutması gözlənilən sammitdə təxminən 50-dək yüksək səviyyəli nümayəndə heyətinin iştirakı gözlənilir.

İddialara görə, Zelenski də sammitdə iştirak edəcək. Lakin Ermənistan Xarici İşlər Nazirliyi onun səfərini hazırda gizli saxlamağa çalışır.

Globalinfo.az-a danışan politoloq Bakir Həsənbəyli deyib ki, İrəvanda keçiriləcək sammit öncəsi Ukrayna prezidentinin mümkün səfəri Ermənistan daxilində kifayət qədər ciddi narahatlıq doğurub:

“Ermənistanın müxalif düşərgəsində Volodimir Zelenskinin mümkün səfəri ilə bağlı açıq narahatlıq onların müsahibələrində müşahidə olunur. Müxalifət qeyd edir ki, Avropa Siyasi Birliyinin 8-ci sammiti Zelenskinin iştirakı ilə tam fərqli məzmun ala bilər. Baş nazir Nikol Paşinyan üçün bu tədbir seçki kampaniyasının əsas elementi kimi planlaşdırılsa da, Zelenskinin mümkün səfəri planları dəyişə bilər.

Müxalifət qüvvələr hesab edir ki, Ukrayna liderinin İrəvana gəlməsi fonunda əsas diqqət Paşinyandan Zelenskiyə keçəcək. Beləliklə Ermənistan bir neçə gün ərzində daha çox anti-Rusiya gündəminin mərkəzinə çevrilə bilər. Sözsüz ki, Rusiyanın bu istiqamətdə mümkün addımlarını istisna edilməməlidir. Düşünürəm ki, Moskva belə bir fonu diqqətsiz qoymayacaq. Avropa liderləri üçün bu cür proseslər əsasən siyasi nümayiş xarakteri daşıyır və onların Ermənistan üçün mümkün nəticələrə xüsusi həssas yanaşacağı anlamına gəlir. Belə bir ssenaridə Ermənistan həm xarici siyasətdə, həm də daxili ictimai rəy baxımından yeni və daha gərgin mərhələyə daxil ola bilər”.

bakir hesenbeyli
Bakir Həsənbəyli

Ekspert deyib ki, Ukrayna Prezidentinin səfəri Avropada razılaşdırılb:

“Ukraynanın təhlükəsizliyi, paralel olaraq Cənubi Qafqazdakı real vəziyyət müzakirə predmeti olacaq. Düşünürəm ki, Rusiyaya qarşı sərt münasibətin  faiz göstəricisinin daha yuxarı səviyyəyə qalxma ehtimalı var. Rusiyanı seçki öncəsi qıcıqlandırmaq, onu Ermənistana qarşı hansısa davranışlara, təxribatlara sövq etmək, sui-qəsd, hərbi təxribat, çevriliş kimi hadisələr Paşinyan hökumətinə həm hüquqi, həm də siyasi cəhətdən imkan yaradacaq ki, artıq Qərbin tələb etdiyi məsələləri həyata keçirsin.

Məqsəd Ermənistanın Rusiyanın nüvəsi olduğu bütün təşkilatlardan imtina etməsindən ibarətdir. Ona görə də düşünürəm ki, Zelenskinin Ermənistana səfəri ilə bağlı qərarı məhz Qərb dünyası verib. Əks halda, Rusiya ilə ağır döyüşlərin davam etdiyi günlərdə Ukrayna lideri niyə Ermənistana səfər etsin? Zelenskinin Avropa ölkələrinə və ABŞ-a səfərləri anlaşılandır, çünki bu ölkələrdən silah, hərbi texnika və maliyyə almağa ümid edir.

Ermənistanda bunların heç biri yoxdur, Ermənistan Ukraynaya hansı həcmdə yardım göndərib? Zelenskinin Ermənistana mümkün səfərini yalnız bir amillə izah etmək olar. Ermənistanla Rusiya arasında artan gərginlik Ukraynanın maraqlarına xidmət edir. Kiyev çox istəyərdi ki, Rusiya Ermənistana da müdaxilə etsin. Bu halda Kreml iki cəbhədə mübarizə aparmalı olacaqdı və Ermənistanı qorumağı vəd verən Qərblə münasibətlər daha da gərginləşəcəkdi. Zelenski bu amilləri əlində rəhbər tutaraq Ermənistana səfər edə bilər. Bu səfər Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını tərk etməyə hazırlaşan Paşinyanla Kreml arasında gərginliyi daha da artıracaq”.