Alzheimer xəstəliyində sürətli yaddaş itkisinə səbəb olan mühüm faktor müəyyənləşdirildibackend

Alzheimer xəstəliyində sürətli yaddaş itkisinə səbəb olan mühüm faktor müəyyənləşdirildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kaliforniya Universitetinin İrvayn kampusunun alimləri müəyyən ediblər ki, dopamin çatışmazlığı Alzheimer xəstəliyində yaddaş pozuntularının yaranmasında mühüm rol oynaya bilər.

Editor.az xəbər verir ki, tədqiqatın nəticələri Nature Neuroscience jurnalında dərc olunub.

Araşdırma yaddaşın formalaşması və məlumatların hipokampa ötürülməsinə cavabdeh olan beynin entorhinal korteks adlanan hissəsinə yönəlib. Bu nahiyə qısamüddətli yaddaşdan uzunmüddətli yaddaşın formalaşmasına, həmçinin ayrı-ayrı məlumat parçalarının bütöv hadisə şəklində birləşdirilməsinə cavabdehdir.

Təcrübələr göstərib ki, xəstəlik irəlilədikcə bu bölgədə dopamin səviyyəsi normanın 20 faizindən də aşağı düşə bilər. Bu isə neyronların yaddaşa həkk olunmalı siqnallara qarşı həssaslığını azaldır.

Dopamin yaddaşın yaranması, qorunması və xatırlanması ilə yanaşı, ümumilikdə idrak proseslərində mühüm rol oynayan neyromediatordur. O, işçi yaddaşa, məkan yaddaşına, qorxu reaksiyalarına və sosial öyrənməyə təsir göstərir.

Bu təsirin aradan qaldırılıb-qaldırıla bilməsini yoxlamaq üçün alimlər süni şəkildə dopamin səviyyəsini artırıblar. Nəticədə sınaq modellərində yaddaş formalaşdırmaq qabiliyyəti bərpa olunub. Levodopa preparatından istifadə zamanı da oxşar nəticə əldə edilib.

Alimlərin sözlərinə görə, indiyədək Alzheimer xəstəliyinin müalicəsində əsas diqqət amiloid və tau kimi zəhərli zülalların aradan qaldırılmasına yönəlmişdi. Lakin yeni məlumatlar göstərir ki, dopamin sistemindəki pozuntular da idrak zəifləməsinin inkişafında ən azı həmin faktorlar qədər mühüm rol oynaya bilər.

Tədqiqat müəllifləri hesab edirlər ki, xüsusilə yaddaş itkisinin yeni başladığı erkən mərhələlərdə dopamin mexanizmlərini hədəfə alan müalicə üsulları ümidverici nəticələr verə bilər.

//Gülnarə Abasova, Editor.az