Paytaxtın Nərimanov rayonunun “Montin” adı ilə tanınan qəsəbəsində yaşayan sakinlər ciddi təhlükə ilə üz-üzə qaldıqlarını bildirirlər. Söhbət İsmayıl Hidayətzadə küçəsi 11 ünvanında yerləşən yaşayış binasının ətrafındakı irigövdəli ağaclardan gedir.
Sakinlərin Musavat.com-a verdikləri məlumata görə, həmin ağaclardan qopan iri budaqlar və hissələr mütəmadi olaraq evlərin damına və pəncərələrinə düşərək ziyan vurur.
Onların sözlərinə əsasən, sonuncu belə hadisə bu gün baş verib və xoşbəxtlikdən xəsarət alan olmayıb:
“Bizim bina onsuz da qəzalı vəziyyətdədir. Bir neçə il əvvəl ağaclardan biri evimizin damının üstünə aşdı, nəticədə pəncərələr sındı, dam zədələndi. Öz hesabımıza təmir etdik. Bununla bağlı dəfələrlə icra hakimiyyətinə və bələdiyyəyə müraciət etsək də, heç bir tədbir görülmədi”.
Sakinlərin sözlərinə görə, həmin hadisədən sonra yağan güclü yağışlar vəziyyəti daha da ağırlaşdırıb və damdan evə su sızıb.
Sakinlər qeyd edirlər ki, bu gün baş verən hadisə də ciddi təhlükənin davam etdiyini göstərir:
“Bu dəfə ağacın bir hissəsi uşaqların oturduğu skamyanın üzərinə düşdü, qırıntılar isə qarşı binanın blokuna qədər səpələndi. Əgər həmin anda oradan kimsə keçsəydi və ya maşın olsaydı, ağır qəza baş verə bilərdi. Həm bina qəzalıdır, həm də ətrafdakı ağaclar həyati təhlükə yaradır”.
Məsələ ilə bağlı Nərimanov Rayon Bələdiyyəsindən Musavat.com-a bildirilib ki, problem Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyinə yönləndiriləcək və yaxın zamanda aradan qaldırılması üçün tədbirlər görüləcək.
Sakinlər isə problemin daha tez həll olunmasını və mümkün faciənin qarşısının alınmasını tələb edirlər.




