Yaxın Şərqdə, xüsusilə İran ətrafında gərginliyin yenidən yüksəlməsi beynəlxalq təhlükəsizlik məsələlərini ön plana çıxarıb. Mövcud vəziyyət fonunda müxtəlif dövlətlər və beynəlxalq qurumlar diplomatik həll yollarının axtarılmasının vacibliyini vurğulayırlar. Almaniyanın xarici işlər naziri Yohan Vadefulun BMT-ni daha fəal mövqe tutmağa çağırması da bu kontekstdə diqqət çəkir. Lakin təşkilatın real təsir imkanları və böyük güclər arasındakı ziddiyyətlər belə təşəbbüslərin effektivliyini sual altına alır.
Siyasi analitik Məhəmməd Əsədullazadə Editor.az-a açıqlamasında bildirib ki, ABŞ ilə İran arasında baş verən hərbi qarşıdurma və sonradan əldə olunan atəşkəs razılaşması İran böhranının həllinə ciddi töhfə vermir. Onun fikrincə, mövcud şəraitdə BMT-nin bu prosesdə real funksiyası demək olar ki, yoxdur:

“BMT faktiki olaraq öz əlində olan təzyiq mexanizmlərini belə işə sala bilmir. Almaniyanın xarici işlər nazirinin bu açıqlaması, görünür, BMT-ni yenidən beynəlxalq təşkilat kimi prosesə cəlb etmək və onun nüfuzunu artırmaq məqsədi daşıyır. Lakin hesab edirəm ki, Amerika Birləşmiş Ştatları ümumilikdə BMT-yə müsbət münasibət sərgiləmir. Xüsusilə Donald Tramp dövründə buna alternativ yanaşmalar da ortaya qoyulub.
Bu baxımdan düşünürəm ki, BMT İran böhranını həll edəcək gücdə deyil. Nəzərə alsaq ki, Təhlükəsizlik Şurasında Çin və Rusiya kimi ölkələr təmsil olunur, onların bu məsələdə nə dərəcədə səmimi və vahid mövqe ortaya qoyacağı da sual altındadır. Ona görə də hesab edirəm ki, BMT-nin bu məsələdə mövqeyi həlledici olmayacaq.
Hazırda ABŞ məsələni əsasən İrana təzyiq göstərmək və şərtlər diktə etmək yolu ilə həll etməyə çalışır. Əgər BMT prosesə daxil olarsa, burada beynəlxalq hüquq normaları gündəmə gələcək və bir ölkəyə qarşı hərbi təcavüz məsələsi də müzakirə predmetinə çevriləcək. Bu səbəbdən düşünürəm ki, BMT yenə də prosesdən kənarda saxlanılacaq”.
//Gülnarə Abasova, Editor.az

