Millət vəkilindən açıqlama: “Uşağa zorakılıq edən valideynləri ağır cəzalar gözləyir”backend

Millət vəkilindən açıqlama: “Uşağa zorakılıq edən valideynləri ağır cəzalar gözləyir”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanda uşaqların hüquqlarının daha etibarlı qorunmasına xidmət edən yeni qanunvericilik dəyişiklikləri dövlətin sosial siyasətində mühüm mərhələ hesab olunur. Prezident İlham Əliyevin təsdiqlədiyi “Uşaq hüquqları haqqında” yeni qanun həm uşaqların təhlükəsizliyinin gücləndirilməsi, həm də onların sağlam və təminatlı mühitdə böyüməsi baxımından yeni imkanlar yaradır. Bu sənəd eyni zamanda cəmiyyətdə hüquqi maarifləndirmənin artırılması və ailə institutunun möhkəmləndirilməsi baxımından da xüsusi əhəmiyyət daşıyır.

Mövzu ilə bağlı Milli Məclisin deputatı Ceyhun Məmmədov Editor.az-a açıqlamasında bildirib ki, bu qanun olduqca vacib və əhəmiyyətli sənəddir:

“Qanunda uşaqların müdafiəsi, zorakılıqdan qorunması, psixoloji dəstək alması və digər mühüm məsələlər öz əksini tapıb. Hesab edirəm ki, bu sənəd Azərbaycan cəmiyyəti üçün xüsusi əhəmiyyət daşıyır. Ümumilikdə qanun uşaqların hüquqlarının daha effektiv qorunmasına xidmət edir və bu istiqamətdə mühüm nəticələr verəcək.

Bəli, bu qanun uşaqlara yeni hüquqlar verir. Uşaqların öz hüquqlarını bilməsi və onları tələb etməsi vacibdir. Bununla yanaşı, onların müəyyən vəzifələri də var və uşaqlar bu məsuliyyətləri də dərk etməlidirlər.

Hesab edirəm ki, həm bu sahədə, həm də digər istiqamətlərdə geniş maarifləndirmə və təbliğat işlərinin aparılmasına ehtiyac var. Bu məsələlər cəmiyyətdə davamlı şəkildə izah olunmalı, müzakirə edilməlidir.

Məktəb proqramlarına bütün mövzuları ayrıca fənn kimi daxil etmək hər zaman mümkün olmur. Lakin məktəblərdə müxtəlif görüşlər, seminarlar və müzakirələr təşkil etməklə uşaqları, valideynləri və müəllimləri məlumatlandırmaq mümkündür. Bunun üçün televiziya, məktəb və ailə mühiti daxil olmaqla bütün platformalarda geniş maarifləndirmə işi aparılmalıdır. Uşaqlar öz hüquqlarını bilməli və düzgün şəkildə anlamalıdırlar.

Qanunda uşaqlara qarşı zorakılığın yolverilməz olduğu bir daha vurğulanır. Belə hallara yol verildikdə cərimələr və digər hüquqi tədbirlər nəzərdə tutulur. Əgər zorakılıq valideynlər tərəfindən törədilərsə, həmin şəxslərə qarşı da qanun çərçivəsində müvafiq məsuliyyət tədbirləri tətbiq ediləcək”.

//Gülnarə Abasova, Editor.az