Rusiya-Ukrayna müharibəsi yalnız döyüş meydanındakı vəziyyətlə deyil, eyni zamanda böyük güclərin diplomatik təşəbbüsləri və tərəflər arasında aparılan mümkün gizli təmaslarla da diqqət mərkəzindədir. Münaqişənin uzanması fonunda hər bir diplomatik kanalın açılması atəşkəs perspektivləri baxımından mühüm siqnal hesab oluna bilər. Xüsusilə ABŞ-ın prosesə yenidən daha fəal şəkildə cəlb olunması müharibənin gələcək trayektoriyası ilə bağlı yeni suallar yaradır. Belə bir prosesin baş verməsi Cənubi Qafqaz və Azərbaycan üçün də mühüm geosiyasi nəticələr doğura bilər.
Maraqlıdır, Moskva ilə Kiyev arasında pərdəarxası təmaslar real sülh danışıqlarına çevrilə bilərmi?
Siyasi analitik Turan Rzayev Editor.az-a açıqlamasında bildirib ki, Stiv Uitkoffla (Steve Witkoff) Cared Kuşnerin (Jared Kushner) həm Rusiyaya, həm də Ukraynaya səfəri təsadüfi deyil:
“Aydın məsələdir ki, Amerika Birləşmiş Ştatları ilə İran arasında gərginlik davam edir və payız aylarında hərbi əməliyyatların yenidən bərpa ediləcəyi, hətta daha intensiv hal alacağı ilə bağlı ciddi proqnozlar var. Şəxsən mən də elə düşünürəm ki, İrana qarşı əməliyyatların miqyası artacaq.
Əslində, Vaşinqton, məncə, indiki məqamda buna görə hər iki tərəfin nəbzini yoxlayır. Ümumiyyətlə, sülhə bir işarə varmı, bir işıq, işartı varmı deyə yoxlayır. Bu baxımdan da bu səfəri həm də bu cür qiymətləndirmək lazımdır.
Yəni tərəflər arasında gərginliyin hansı həddə olduğu, diplomatik kanalların açıq olub-olmadığı və Vaşinqtonun vasitəçiliyi ilə tərəflərin ən azından bir atəşkəs sazişinə gəlib mövcud status-kvoda vəziyyəti qəbul etdirə biləcəyinin nəbzi yoxlanılır.
Əslində, Amerika Birləşmiş Ştatlarının “bal və balta” siyasəti var. Bu nədir? İndiki məqamda, hələlik diplomatik olaraq tərəfləri yoxlayırlar. Əgər İranın müdaxilə ehtimalları güclənərsə və hərbi əməliyyatların miqyası artarsa, yəqin ki, Amerika burada tərəfləri, atəşkəsə razı salmaq üçün daha ciddi təzyiqlər edə bilər deyə düşünürəm.
Yəni hələlik bu, diplomatik tərəfdir. Amma bu diplomatik addıma neqativ cavab gələrsə, yəqin ki, Vaşinqtonun reaksiyaları daha sərt olacaq”.
//Gülnarə Abasova, Editor.az

