Bakı Hərbi Məhkəməsində cəmi bir ay hərbi xidmət keçdikdən sonra həyatını itirən əsgər Fariz İsazadənin ölümü ilə bağlı keçirilən məhkəmə prosesi zərərçəkmiş ailənin etirazları və ağır ittihamları fonunda davam edir.
Musavat.com xəbər verir ki, mərhum əsgərin atası Sadiq İsazadə istintaqın gedişindən narazılığını açıq şəkildə ifadə edib. O bildirib ki, oğlunun ölümü ilə bağlı cinayət işi üzrə indiyədək yalnız hərbi hissənin tibb məntəqəsinin rəisi, tibb leytenantı Vaqif Məmmədov cinayət məsuliyyətinə cəlb olunub. Onun sözlərinə görə, faciəyə görə məsuliyyət daşıyan digər şəxslər isə hələ də məsuliyyətdən kənarda saxlanılır. Sadiq İsazadə bildirib ki, mərhumun birbaşa komandirləri – bölük komandiri İlqar Abdullayev və tağım komandiri Sadiq Zeynalov oğlunun ölümündən azı 10 gün əvvəl onun səhhətinin ağırlaşdığını, yüksək hərarətinin olduğunu, güclü öskürdüyünü və xidmətə davam etməkdə çətinlik çəkdiyini görsələr də, lazımi tədbirlər görməyiblər.
“Oğlumun vəziyyətinin ağır olduğunu hamı görürdü. Amma nə hospitala göndərildi, nə də lazımi tibbi yardım göstərildi. Nəticədə adi müalicə ilə sağalması mümkün olan pnevmoniya onun ölümünə səbəb oldu. Bir ildən artıq vaxt keçməsinə baxmayaraq, bu iş üzrə heç kim həbs edilməyib”, – deyə əsgərin atası bildirib.
Valideynlərin sözlərinə görə, Fariz İsazadəyə vaxtında düzgün diaqnoz qoyulsaydı və hospitala göndərilsəydi, faciənin qarşısını almaq mümkün olardı.
Cinayət işinin materiallarına əsasən, Fariz İsazadə xidmətə başladığı ilk günlərdən yüksək hərarət, güclü öskürək, halsızlıq və nəfəs darlığından əziyyət çəkib. O, mayın 6-da və 9-da hərbi hissənin tibb məntəqəsinə müraciət etsə də, yalnız səthi müayinədən keçirilərək yenidən xidmətə qaytarılıb. Məhkəmə sənədlərində göstərilir ki, vəziyyəti o qədər ağır olub ki, mayın 10-da keçirilən andiçmə mərasimində belə iştirak edə bilməyib. Buna baxmayaraq, həmin gün “xidmətə yararlı” hesab edilərək Quba rayonundakı hərbi hissəyə göndərilib.
Qubada isə vəziyyəti daha da ağırlaşıb. Yalnız mayın 11-də hospitala yerləşdirilən əsgərdə artıq ağır pnevmoniya, infeksion-toksiki şok, miokardit, damardaxili yayılmış laxtalanma sindromu və poliorqan çatışmazlığı inkişaf edib. Həkimlərin səylərinə baxmayaraq, Fariz İsazadənin həyatını xilas etmək mümkün olmayıb.
Məhkəmə araşdırmaları zamanı diqqət çəkən başqa bir məqam da açıqlanıb. Məlum olub ki, hərbi hissə ilə ixtisaslaşmış hərbi hospital arasında cəmi 10 dəqiqəlik məsafə olmasına baxmayaraq, ağır pnevmoniya əlamətləri göstərən əsgər vaxtında hospitala göndərilməyib.
İttihama görə, tibb leytenantı Vaqif Məmmədov əsgərin arterial təzyiqini, nəbzini və tənəffüs göstəricilərini tam qiymətləndirmədən onu yenidən xidmət yerinə qaytarıb. Bundan başqa, hadisə zamanı hərbi hissənin tibb məntəqəsində növbətçiliyin tibbi təhsili olmayan sanitara həvalə edildiyi də məhkəmədə açıqlanıb.
Hazırda Bakı Hərbi Məhkəməsində yalnız Vaqif Məmmədovun Cinayət Məcəlləsinin 342.1-1-ci maddəsi ilə təqsirləndirildiyi iş araşdırılır.
Sadiq İsazadə isə hesab edir ki, oğlunun ölümünə səbəb olan bütün vəzifəli şəxslərin hərəkətlərinə hüquqi qiymət verilməlidir. O, ölkə rəhbərliyinə müraciət edərək hadisənin tam, obyektiv və hərtərəfli araşdırılmasını, məsul şəxslərin qanun qarşısında cavab verməsini istəyib.
Fariz İsazadənin ölümü ilə bağlı məhkəmə araşdırması davam edir. Çəhkəmə prosesi sabah, iyulun 7-də davam etdiriləcək.

