Rusiya-Ukrayna müharibəsinin dayandırılması istiqamətində diplomatik təmasların intensivləşdiyi bir zamanda Moskva, Vaşinqton və Kiyev arasında birbaşa üçtərəfli görüş ehtimalı yenidən gündəmə gəlib. Kreml yaxın müddətdə belə bir formatın reallaşa biləcəyinə işarə etsə də, görüşün dəqiq tarixi və keçiriləcəyi məkan hələlik müəyyənləşməyib. Bununla yanaşı, tərəflər arasında ayrı-ayrı kanallar üzrə danışıqlar davam edir və qarşıdakı günlərdə bu təmasların nəticələrinin müzakirə olunacağı gözlənilir.
Kremlin sözçüsü Dmitri Peskov bildirib ki, Rusiya, ABŞ və Ukrayna nümayəndələrinin iştirakı ilə üçtərəfli görüş yaxın vaxtlarda baş tuta bilər. Lakin o, hazırda bununla bağlı konkret tarix və digər detalların açıqlanmadığını qeyd edib. Peskovun sözlərinə görə, Rusiya Prezidenti Vladimir Putinin xüsusi nümayəndəsi Kirill Dmitriyev ABŞ tərəfinin danışıqlar üzrə nümayəndələri ilə əlaqələri davam etdirir. Kremlin sözçüsü Dmitriyevin təmaslarının nəticələri barədə danışmaq üçün isə hələ tez olduğunu vurğulayıb.
Ukrayna Prezidenti Vladimir Zelenski də Kiyev və Vaşinqtonun həm Brüssel, həm də Moskva ilə məsləhətləşmələri davam etdirəcəyini açıqlayıb. Onun sözlərinə görə, bu təmasların nəticələri yaxın 10 gün ərzində müzakirə olunacaq. Zelenski, eyni zamanda, ABŞ-ın Əbu-Dabidə Rusiya, Ukrayna və Amerika nümayəndələrinin iştirakı ilə texniki xarakterli üçtərəfli görüş keçirilməsini təklif etdiyini bildirib. Ancaq həmin görüşün tarixi hələ razılaşdırılmayıb.
Əgər görüş baş tutarsa, bu, müharibənin dayandırılması istiqamətində real danışıqlar üçün yeni mərhələnin başlanğıcı ola bilərmi? ABŞ-ın vasitəçiliyi ilə Rusiya və Ukraynanın birbaşa masa arxasında oturması hansı nəticələri doğura bilər?
Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyası İdarə Heyətinin üzvü, siyasi şərhçi Əli Zülfüqaroğlu Musavat.com-da qeyd etdi ki, hazırda Rusiya ilə Ukrayna arasında diplomatik təmaslarla bağlı ən pozitiv məsələ danışıqlar prosesinin bərpası ilə bağlı cəhdlərin edilməsidir: “Bilirsiniz ki, İsrail/ABŞ-nin fevral ayında İrana hücumları ilə Rusiya və Ukrayna arasında danışıqlar prosesi də dayanmışdı. Hazırda ABŞ təmasların davam etdirilməsi ilə bağlı cəhdlər edir. Amma real vəziyyət hansısa perspektiv olmasını deməyə əsas vermir. Rusiyanın maksimalist təlbərindən geri çəkilməsi ilə bağlı hər hansı məlumat yoxdur. Kiyev də təslimçi sülhə getməyəcəyini bildirir. Cəbhədə davam edən vəziyyət isə real mənzərəni ortaya qoyur. Hazırda Rusiya Donetsk istiqamətində hücumlarını davam etdirir. Bu da onu deməyə əsas verir ki, Rusiya Donetskin qalan hissəsinin Ukrayna qoşunları tərəfindən boşaldılması ilə bağlı tələbini cəbhədə həll etməyə çalışır. Ukrayna isə Britaniya və Avropa İttifaqının yardımı ilə dirəniş göstərir. Ən təhlükəli məqam isə tərəflərin mülki obyektlərə, enerji infrastrukturu və logistik mıərkəzlərə zərbələr endirməiidr. Yəni, hər iki tərəf ordunun təminatının kəsilməsi, xalqın orduya dəstəyinin azalması və ordunun psixoloji zərbə almasına çalışır. Ona görə də qışa doğru mülki obyektlərə, xüsusilə enerji infrastrukturuna zərbələr daha da intensivləşəcək. Bu baxımdan hazırda diplomatik səylərin hər hansı razılaşmaya gətirib çıxaracağını söyləmək mümkün deyil. ABŞ-nin səyləri isə atəşkəsə nail olmağa deyil, daha çox sülh üçün səy göstərmək görüntüsü yaratmaqla noyabrda baş tutacaq konqresə seçkilər ərəfəsində reytinq qazanmağa hesablanıb”.
Müsavat.con

