Azərbaycan qarşıdakı illərdə dövlət büdcəsinin neft gəlirlərindən asılılığını daha da azaltmağı, qeyri-neft sektorunun payını artırmağı və investisiyaları iqtisadiyyatın yeni istiqamətlərinə yönəltməyi planlaşdırır.
Editor.az Globalinfo-ya istinadla xəbər verir ki, bunu maliyyə naziri Sahil Babayev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən panel iclasında çıxışı zamanı deyib.
Nazir bildirib ki, 2021-2025-ci illəri əhatə edən beşillik dövrdə Azərbaycanda qeyri-neft ÜDM-i 6 faizdən çox artıb. Onun sözlərinə görə, həyata keçirilən iqtisadi şaxələndirmə və fiskal islahatlar nəticəsində hazırda ÜDM-də qeyri-neft sektorunun payı 70 faizdən çoxdur.
Sahil Babayev qeyd edib ki, son iki ildə dövlət büdcəsinin neft gəlirlərindən asılılığı 55 faizdən aşağı salınıb. Növbəti üç ildə bu göstəricinin daha 10 faiz azaldılması planlaşdırılır.
Əsas hədəf 2027–2030-cu illərin sonunadək büdcə gəlirlərində neftin payını 30 faizə endirmək, gəlirlərin 70 faizini isə qeyri-neft sektorunun hesabına formalaşdırmaqdır.
Sahil Babayev bildirib ki, son 5 ildə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına 15 milyard dollardan çox vəsait yatırılıb. Bu vəsait şəhərsalma, mənzil tikintisi və infrastruktur layihələrinə yönəldilib.
Nazir qeyd edib ki, Azərbaycanın digər bölgələrinə də 10 milyard dollardan artıq investisiya qoyulub. Beləliklə, son 5–6 ildə ölkə üzrə ümumi investisiya portfeli 25 milyard dollar təşkil edib.
Sahil Babayev Azərbaycanın beynəlxalq maliyyə qurumları ilə əməkdaşlığının genişləndiyini də bildirib. O qeyd edib ki, Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Asiya İnkişaf Bankı və İslam İnkişaf Bankı ilə birgə layihələrin ümumi portfeli 16 milyard dolları ötür.

