Rusiya Ukraynada “Qarabağ ssenarisi”ni istəmirbackend

Rusiya Ukraynada “Qarabağ ssenarisi”ni istəmir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fransanın Qafqaz planları ilə bağlı sensasion açıqlamalar

Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin TASS-a müsahibəsində Moskvanın Ukrayna ilə münaqişənin sadəcə “dondurulması” variantını qəbul etmədiyini açıqlayıb. Onun sözlərinə görə, böhranın kök səbəbləri aradan qaldırılmadan hər hansı atəşkəs uzunmüddətli həllə gətirə bilməz. Qaluzinin son açıqlaması Kremlin bu məsələdə mövqeyinin kifayət qədər sərt olduğunu göstərir.

Lakin burada maraqlı bir sual ortaya çıxır: Rusiya özü postsovet məkanında münaqişələrin “dondurulması” siyasətindən dəfələrlə istifadə etməyibmi? Gürcüstanda Abxaziya və Cənubi Osetiya, Moldovada Dnestryanı münaqişəsi uzun illərdir tam həll olunmayıb. Qarabağ məsələsində də 1990-cı illərdən 2020-ci ilə qədər formalaşmış status-kvo faktiki olaraq uzunmüddətli “dondurulmuş münaqişə” modelinə çevrilmişdi. Moskva isə bu proseslərdə əsas vasitəçi və təhlükəsizlik aktoru kimi çıxış edərək regiondakı təsir imkanlarını qoruyurdu. Rusiya siyasətinin postsovet məkanında münaqişələri həll etməkdən daha çox onları idarə etməklə öz təsir dairəsini saxlamağa çalışdığı barədə çoxsaylı təhlillər mövcuddur. Məsələn, Rusiya Gürcüstan və Moldova nümunələrində münaqişənin dondurulmasından təsir aləti kimi istifadə edə bildiyi halda, Ukraynada sadə atəşkəsin öz maraqlarına kifayət etməyəcəyini düşünür. Moskva üçün “dondurulmuş münaqişə” yalnız Rusiyanın şərtləri ilə və Rusiyanın təsir imkanlarını qoruduğu halda sərfəli modeldir.

Elə isə niyə Ukrayna məsələsində Moskva “dondurulmuş münaqişə” modelinə qarşı çıxır?

Azərbaycan gücünə güc qatacaq” - Üzeyir Cəfərov | Hafta.az

Üzeyir Cəfərov

Hərbi ekspert, ehtiyatda olan polkovnik Üzeyir Cəfərov “Yeni Müsavat”a açıqlamasında əvvəlcə nazir müavini Mixail Qaluzinin digər açıqlamasına diqqət çəkdi: “Onun noyabrda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının toplantısı ilə bağlı Ermənistana yönəlik bir hədəsini oxudum. Mixail Qaluzin son vaxtlar xeyli aktivləşib və sağa-sola bəyanatlar səsləndirir. Aydın məsələdir ki, bu onun beyninin məhsulu deyil. Qaluzinə nə deyirlərsə, o da təkrar edir”.

Bu yerdə xatırladaq ki, Ermənistanın “Hraparak” qəzeti hökumətdəki mənbələrinə istinadən Moskvanın Ermənistanın baş naziri Nikol Paşinyana ölkənin xarici siyasət kursunu müəyyənləşdirmək üçün təxminən bir ay vaxt verdiyini yazıb. Bildirilir ki, Paşinyan seçim etməlidir: Avropa İttifaqı, yoxsa Avrasiya İqtisadi İttifaqı. Nəşrin məlumatına görə, qərar qəbul edilmədiyi təqdirdə Rusiya məhdudiyyətlərin “ikinci, daha sərt mərhələsinə” keçə bilər. Mənbələr konkret olaraq hansı tədbirlərin görülə biləcəyini açıqlamayıb, lakin bir neçə mümkün ssenaridən danışıblar. Belə ki, söhbət Rusiyada çalışan erməni əmək miqrantlarına qarşı miqrasiya siyasətinin sərtləşdirilməsindən gedə bilər. Nəşrin həmsöhbətləri xəbərdarlıq edirlər ki, Ermənistan vətəndaşlarının Rusiyadan kütləvi şəkildə geri qayıtması ölkə üçün ciddi iqtisadi və sosial problemlər yarada bilər. Hətta bildirilir ki, Ermənistan üçün daha bir təhlükədən söhbət gedir: aviareyslər dayandırıla bilər.

Ü.Cəfərov Kremlin Rusiyaya pressinq siyasətinin davam etdiyini vurğulamaqla yanaşı, bildirdi ki, bu günlər Moskva apardığı ağılsız siyasət nəticəsində bir çox rıçaqları əldən verdiyinə görə mövcud vəziyyətlə üzləşib: “Mən tamamilə bölüşürəm ki, Moskvanın bu gün də Gürcüstanla münasibətlərinin gərgin olması, “kökə və dəyənək” yanaşması düşünülməmiş siyasətinin nəticəsidir. Gürcüstanın Abxaziya və Cənubi Osetiya əraziləri Rusiya tərəfindən işğal olunub və Rusiya qoşunları orada məskunlaşıb. Bu, heç kimə sirr deyil. Moldovada, Dnestryanıda da eyni mənzərə mövcuddur. Eyni zamanda Baltikyanıya da dayanmadan hədələr var. Qafqazda bu yaxınlara qədər, yəni 30 ilə yaxın müddətdə süni şəkildə yaradılmış Qarabağ problemi də vaxtaşırı xatırlanır. Hətta ötən günlərdə Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi Zaxarovanın “Dağlıq Qarabağ”la bağlı dilinə gətirdiyi o yersiz ifadələrə görə Azərbaycan Xarici İşlər Nazirliyinin növbəti dəfə etirazını gördük. Rusiya dayanmır, durmur. Kremlin siyasətini anlamaq çox çətindir. Bu gün Rusiyanın düşdüyü acınacaqlı vəziyyətdə ona bütün variantlar təklif olunub. Amma inadından dönmür. Bizim məşhur bir deyimdə deyildiyi kimi, “Çox istəyən azdan da olar”. Rusiya çox istəyirdi. Ucsuz-bucaqsız əraziləri olsa da, bəzi ölkələrin ərazilərinə soxulmaqla, orada separatçılıq toxumlarını, rüşeymlərini yaymaqla daha böyük regional təsir imkanlarını əldə etsin, amma göründüyü kimi, artıq bu, alınmır və alınmayacaq”.

Ü.Cəfərov qeyd etdi ki, bu gün rəsmi Moskvanın Ukraynaya münasibətdə atdığı addımlar da onun üçün çox böyük ziyanla müşahidə olunur: “Elə bu günlərdə, danışdığımız dəqiqələrdə Voronejdəki minlərlə insanın milyonlarla malı-mülkü raket və dron atəşi nəticəsində göyə sovrulub. Bu günlərdə Putinə olan münasibət açıq şəkildə göstərir ki, onun siyasəti çox yanlış və zərərlidir. Mən açığını deyim ki, Rusiyaya bu gün təklif olunan, bəlkə də Rusiyanın bir neçə ildən sonra əldə edə bilməyəcəyi bir şansdır. Rusiya bu şansı da qaçırır. Mən Qaluzinin bu açıqlamasını, yenə də deyirəm, Rusiyanın növbəti zəifliyi kimi qiymətləndirirəm. Rusiya özünü hələ də imperiya hesab edir. Özünü belə xülyalarda təsəvvür etməklə Rusiya çox acınacaqlı duruma düşəcək, bu, qaçılmazdır”. Polkovnik bildirdi ki, bu gün haraya baxırsansa, orada Rusiyanın “barmağı” görünür: “İstər postsovet məkanı olsun, istər Afrikası, istərsə də Yaxın Şərq… Bir çox məsələlər var. Ona görə də mən hesab edirəm ki, Moskva təcili şəkildə öz siyasətinə “dur” deməlidir”. “Dur” deməyəcəyi təqdirdə daha böyük faciələr yaşanacaq”.

Hərbi ekspert Azərbaycanla yaşanan gərginliyi də xatırlatdı: “Biz gördük ki, Ermənistan artıq Qarabağla bağlı de-fakto vəziyyətlə barışdığı halda, Rusiya heç cür sakitləşmir. Elə rusiyalı təbliğatçıların efirlərdə səsləndirdiyi fikirlər hər birimizdə qıcıq doğurur. Artıq Ermənistan rəhbərliyi də zamanında Rusiyanın Qarabağla bağlı onu pis vəziyyətə saldığını etiraf edir. Amma nədənsə Rusiya bunu heç cürə qəbul etmək istəmir. Niyə, nə üçün Rusiya bu münasibəti sərgiləyir və müttəfiq adlandırdığı ölkələrlə münasibətlərə soyuqluq gətirir? Şəxsən mən hesab edirəm ki, Qaluzinlərin, Lavrovların, elə Putinin özünün də, deyərdim, siyasi savadsız şəkildə dünyaya bəyan etdikləri münasibət Rusiyanın özü üçün fəlakətdir. Bunu elə Rusiyanın içərisində, rəsmilərin dilindən də eşidirik. Ona görə Rusiya siyasətində təcili korrektələr etməlidir. Kreml hər dəfə bu cür təhdid dolu açıqlamalar verməklə suveren, müstəqil ölkələri özünə qarşı kökləyir. Ona görə də mən hesab edirəm ki, Mixail Qaluzinin TASS-a Ermənistanla bağlı verdiyi müsahibəsində açıqladığı fikirlər yenə də elə boş fikirlər kimi qalacaq. Ukrayna ilə münaqişəni Rusiya başlayıb. Putinin o məşhur ifadəsi ki var: “Mənim tərəfimdən Ukraynaya qarşı xüsusi hərbi əməliyyat keçirilməsi ilə bağlı qərar qəbul edilmişdir” ifadəsini nədənsə Putinin özü də, Rusiya rəsmiləri də çox tez unutdular. Amma “Yalançının yaddaşı zəif olar” ifadəsinə istinad etsək, bütün postsovet və dünya ölkələrindəki problemlərin başında daha çox Rusiyanın anlaşılmayan və yerində olmayan siyasəti durur”.

Musavat.com