Gürcüstan Rusiya ilə diplomatik münasibətlərin bərpasını hazırda mümkün hesab etmir. Baş nazir İrakli Kobaxidzenin sözlərinə görə, Moskva Abxaziya və Cənubi Osetiyanın müstəqilliyini tanıdığı müddətdə Tbilisi ilə diplomatik əlaqələrin tam şəkildə bərpası baş tutmayacaq.
Kobaxidze bildirib ki, Rusiya ilə münasibətlər məsələsində Gürcüstanın əsas məqsədi münaqişənin sülh yolu ilə həllinə nail olmaqdır. Onun sözlərinə görə, Moskvanın Abxaziya və Cənubi Osetiyanın statusu ilə bağlı mövqeyi dəyişmədiyi halda diplomatik münasibətlərin bərpasından söhbət gedə bilməz.
Gürcüstan və Rusiya arasında diplomatik münasibətlər 2008-ci il müharibəsindən sonra kəsilib. Hazırda iki ölkə arasında əlaqələr İsveçrənin vasitəçiliyi ilə fəaliyyət göstərən maraqlar bölmələri formatında davam etdirilir.
//Samir Qurbanov, Editor.az

