Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın payız aylarında yeni səfərbərlik dalğası keçirməyə hazırlaşdığını bildirib.
Editor.az xəbər verir ki, Zelenski avqustun 11-də yayımladığı videomüraciətdə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəhbəri Oleq İvaşenkonun məruzəsi barədə məlumat verib. Onun sözlərinə görə, Rusiya yeni səfərbərliyə hazırlaşır və bu prosesin parlament seçkilərindən sonra, payızda başlanması planlaşdırılır.
Ukrayna liderinin bildirdiyinə görə, Moskva ilin sonuna qədər bir neçə yüz min nəfəri orduya cəlb etməyi, gələn il isə daha bir neçə yüz min nəfəri səfərbər etməyi planlaşdırır. Bu prosesin Rusiya ordusuna müqavilə əsasında hərbçilərin cəlb edilməsi ilə paralel aparılacağı iddia edilir.
Zelenski həmçinin qeyd edib ki, Ukrayna tərəfi Rusiyanın bu planlarını həyata keçirməsini çətinləşdirmək üçün kəşfiyyat və xüsusi xidmət orqanlarına müvafiq tapşırıqlar verib.
Bununla yanaşı, Rusiyada genişmiqyaslı səfərbərliyə hazırlıqla bağlı müstəqil təsdiqlənmiş məlumatların məhdud olduğu bildirilir. “Euronews”un məlumatına görə, hazırda Rusiyada genişmiqyaslı səfərbərliyə hazırlığın açıq əlamətləri müşahidə olunmur.
Qeyd edək ki, Zelenski daha əvvəl də Rusiyanın payızda 300-500 min nəfəri səfərbər etməyə cəhd göstərə biləcəyini açıqlamışdı.
//Samir Qurbanov, Editor.az

