Kolumbiyada güclü zəlzələ qəhvə ixracını faktiki olaraq dayandırıbbackend

Kolumbiyada güclü zəlzələ qəhvə ixracını faktiki olaraq dayandırıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kolumbiyada baş verən güclü zəlzələ ölkənin qəhvə istehsalı və ixracına ciddi zərbə vurub. Zəlzələdən sonra ölkənin qəhvə ixracı demək olar ki, tamamilə dayanıb.

Editor.az Bloomberg-ə istinadla xəbər verir ki, bu barədə  Kolumbiyanın Milli Qəhvə İxracatçıları Assosiasiyası (Asoexport)  məlumat yayıb.

Asoexport rəhbəri Qustavo Qomesin sözlərinə görə, hazırda qəhvə istehsalı dayandırılıb, ixrac isə demək olar ki, tamamilə kəsilib. Bunun əsas səbəblərindən biri zəlzələdən zərər çəkmiş ərazilərin yaxınlığında ölkənin əsas qəhvə istehsalı bölgələrinin, eləcə də çoxsaylı nəqliyyat və emal müəssisələrinin yerləşməsidir.

Zəlzələ nəticəsində Kolumbiyanın Sakit okean sahilinə aparan avtomobil yollarında ciddi problemlər yaranıb. Bu səbəbdən ölkənin qəhvə ixracında əsas rol oynayan Buenaventura limanına çıxış hazırda mümkün deyil. Yolların nə vaxt bərpa ediləcəyi ilə bağlı hələlik rəsmi məlumat verilməyib. Limanın öz infrastrukturu da zəlzələdən zərər görüb.

Karib dənizi sahilində yerləşən Kolumbiya limanlarında ciddi dağıntı qeydə alınmasa da, qəhvənin həmin istiqamətə yönləndirilməsi yük avtomobillərinin kəskin çatışmazlığı səbəbindən çətinləşib.

Mütəxəssislər bildirirlər ki, yolların və istehsal müəssisələrinin fəaliyyəti bərpa edildikdən sonra belə, qəhvə ixracının əvvəlki səviyyəyə qayıtması dərhal mümkün olmayacaq. Çünki ixracın dayanması nəticəsində böyük həcmdə qəhvə anbarlarda toplanacaq və nəqliyyat bərpa edildikdə məhsulun eyni vaxtda limanlara çatdırılması ciddi tıxaclara səbəb ola bilər.

Bloomberg-in məlumatına görə, Kolumbiya hər ay təxminən 1 milyon kisə, hər biri 60 kiloqram olmaqla qəhvə ixrac edir. Bu səbəbdən ixracın hər gün dayanması ölkənin xarici bazarlara qəhvə tədarükünün əhəmiyyətli dərəcədə azalmasına gətirib çıxara bilər.

Xatırladaq ki, 10 avqustda Kolumbiyada 7,4 maqnitudalı zəlzələ baş verib. Zəlzələnin episentri Çoko departamentinin San-Xose-del-Palmar bələdiyyəsi ərazisində yerləşib. Yeraltı təkanlar ölkənin paytaxtı Boqotada, eləcə də Pereyra və Manizales şəhərlərində hiss olunub.

Güclü zəlzələ nəticəsində çoxsaylı evlər dağılıb, ölkədə fövqəladə vəziyyət elan edilib. Bir sıra avtomobil yollarında hərəkət məhdudlaşdırılıb, hava limanlarının fəaliyyəti də müvəqqəti dayandırılıb.

//Gülnarə Abasova, Editor.az