Hörmüz boğazında neft daşımalarının məhdudlaşması qlobal enerji bazarında təklif risklərini artıraraq neft qiymətlərinin yüksəlməsinə səbəb ola bilər. Belə bir vəziyyət neft ixrac edən ölkələr üçün əlavə gəlir imkanları yaratsa da, idxaldan asılı iqtisadiyyatlar üçün inflyasiya və digər riskləri də artırır. Azərbaycanda neft qiymətlərinin yüksəlməsi ilk növbədə dövlət büdcəsinin və Dövlət Neft Fondunun gəlirlərinə, eləcə də manatın məzənnəsinin sabitliyinə təsir göstərə bilər. Bu məsələnin Azərbaycan iqtisadiyyatına mümkün təsirlərini və uzunmüddətli risklərə qarşı atılmalı addımları iqtisadçı Xalid Kərimli Editor.az-a açıqlamasında dəyərləndirib.
İqtisadçı bildirib ki, neft qiymətinin yüksəlməsinin dövlət büdcəsinə müsbət təsiri var. Onun sözlərinə görə, burada gündəlik deyil, orta illik neft qiymətindən söhbət gedir:
“Orta illik neft qiymətinin yüksək olmasının dövlət büdcəsinə təqribən 300-400 milyon manat arası əlavə gəlir xeyri var. Yəni büdcə gəlirləri təqribən illik 300-400 milyon manat artır. Hər 10 dollarlıq daha yüksək qiymətdən söhbət gedir.
Neft Fonduna isə hər 10 dollarlıq neft qiymətinin yüksək olmasının təsiri təqribən 1,7 milyard manatdır, yəni 1 milyard dollar təqribən. Yəni Azərbaycanın gəlirləri artır. Həm büdcənin, həm də Neft Fondunun gəlirləri artır.
Manatın məzənnəsinə gələndə isə bu, manatın məzənnəsinə olan etibarı artırır. Yəni manatın məzənnəsinin zəifləməsi ilə əlaqədar şübhələri aradan qaldırır, manatın məzənnəsinin sabitliyini qoruyur.
Daha sonra, Azərbaycan iqtisadiyyatına birbaşa təsiri yoxdur. Çünki Neft Fondunun, neft gəlirləri birbaşa Azərbaycan vətəndaşına gəlmir. Neft qiymətlərinin yüksəlməsi Azərbaycan vətəndaşına birbaşa təsir etmir, dolayı yolla təsir göstərir. Neft gəlirləri Neft Fonduna daxil olur və yaxud dövlət büdcəsinə yığılır. Çünki neftin sahibi dövlətdir, SOCAR-dır. Neft gəlirləri də Neft Fonduna toplanır. Yəni bunlar vasitəsilə xərcləmələrdən iqtisadiyyata təsir göstərir. Təbii ki, gəlirin artması bu aspektdə dövlətin gəlirlərinin yüksəlməsinə gətirib çıxarır və müsbətdir.
Amma təəssüfedici bir məqam var ki, Azərbaycan vətəndaşı üçün o qədər də müsbət deyil. Çünki bu, inflyasiyanı artırır. Azərbaycan iqtisadiyyatı idxaldan asılıdır. Xüsusən istehlak məhsullarında, qeyri-ərzaq məhsullarında və birbaşa əhalinin istehlakında idxal mühüm rol oynayır. Neft qiymətlərinin yüksəlməsi həm daşıma qiymətlərini artırır, həm də məhsulların qiymətinin yüksəlməsinə, qlobal inflyasiyanın artmasına səbəb olur və əhaliyə pis təsir edir. Sosial cəhətdən mənfi təsir göstərir, çünki inflyasiya artır. Dövlətə xeyirdir, əhaliyə ziyandır.
Azərbaycan hansı iqtisadi addımı atmalıdır?
Azərbaycan ümumiyyətlə bu məsələlərin heç birinə aidiyyəti olmayan əsas istiqamətə diqqət yetirməlidir: qeyri-neft sektorunu inkişaf etdirməlidir”.
//Gülnarə Abasova, Editor.az

