Naxçıvan Azərbaycanın tarixində, dövlətçilik ənənələrində və geosiyasi xəritəsində hər zaman xüsusi yer tutub.
Bu torpaq həm Ulu Öndər Heydər Əliyevin siyasi fəaliyyətində, həm də Prezident İlham Əliyevin dövlətçilik siyasətində xüsusi diqqət və qayğı ilə əhatə olunub.
Uzun illər blokada şəraitində yaşayan Naxçıvanın inkişafı Azərbaycan dövlətinin qarşısında duran mühüm vəzifələrdən biri olub. Son illərdə burada həyata keçirilən genişmiqyaslı infrastruktur, sosial və iqtisadi layihələrə yalnız regional inkişaf kontekstində baxmaq düzgün olmaz. Bu siyasət həm də Naxçıvanın gələcəkdə Azərbaycanın regional və beynəlxalq nəqliyyat sistemində daha mühüm rol oynamasına hazırlıq kimi qiymətləndirilə bilər.

Prezident İlham Əliyevin Naxçıvana bugünkü səfərinin əhəmiyyəti də məhz bu kontekstdə daha stratejidir.
Söhbət təkcə Naxçıvanın sosial-iqtisadi inkişafından deyil, Azərbaycanın regional mövqeyinin möhkəmləndirilməsindən, Cənubi Qafqazda yeni nəqliyyat-kommunikasiya xəritəsinin formalaşmasından və Şərqlə Qərb arasında bağlantıların genişlənməsindən gedir.
Prezident İlham Əliyevin Naxçıvana münasibəti bu strategiyanın mühüm siyasi dayaqlarından biridir. Onun rəhbərliyi ilə Naxçıvanın infrastrukturunun yenilənməsi, iqtisadi potensialının gücləndirilməsi və regionun gələcək nəqliyyat-kommunikasiya layihələrinə hazırlanması istiqamətində ardıcıl addımlar atılıb. Bu yanaşma Naxçıvanın yalnız mövcud problemlərinin həllinə deyil, onun gələcəkdə regional iqtisadi və logistika mərkəzinə çevrilməsinə hesablanmış uzunmüddətli dövlət siyasətini əks etdirir.

Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı Zəfər regionda yeni reallıqlar yaradıb. Bu reallıqların mühüm istiqamətlərindən biri kommunikasiyaların bərpasıdır. Müasir geosiyasətdə nəqliyyat yolları yalnız iqtisadi layihə deyil, həm də strateji təsir vasitəsidir.
Bu baxımdan Naxçıvanın coğrafi mövqeyi qarşısında yeni imkanlar açır. Türkiyə və İranla sərhəddə yerləşən muxtar respublika Azərbaycanın əsas hissəsi ilə Ermənistan ərazisi üzərindən ən qısa bağlantı imkanına malikdir. Eyni zamanda bu coğrafiya onu Şərq-Qərb və Şimal-Cənub nəqliyyat istiqamətlərinin kəsişə biləcəyi mühüm məkana çevirir.

Burada TRIPP layihəsinin xüsusi əhəmiyyəti var. Regional kommunikasiyaların bərpası Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında daha etibarlı nəqliyyat bağlantısının formalaşmasına, bununla da Türkiyə, Avropa və Mərkəzi Asiya ilə əlaqələrin genişlənməsinə imkan yarada bilər.
Əslində söhbət yalnız yeni nəqliyyat xəttindən deyil, regionun nəqliyyat xəritəsinin dəyişməsindən gedir. Uzun illər Cənubi Qafqazdan keçən əsas Şərq-Qərb marşrutlarının mühüm hissəsi Gürcüstan istiqamətindən keçib. Naxçıvanın bu sistemə qoşulması isə yeni alternativ və imkanlar yarada bilər.
Tarixən ticarət yollarının üzərində yerləşən Naxçıvan bu funksiyasını müasir infrastruktur əsasında yenidən qazana bilər. Onun gələcəkdə mühüm logistika və ticarət mərkəzinə çevrilməsi üçün coğrafi üstünlüklər, siyasi imkanlar və regional inteqrasiya prosesi mövcuddur.
Bu baxımdan Naxçıvanın müəyyən mənada Cənubi Qafqazın Dubayına çevrilməsi ideyası yalnız simvolik ifadə kimi qəbul edilməməlidir. Türkiyə, İran, Azərbaycan və Ermənistan istiqamətlərində yerləşən bu məkan düzgün logistika və istehsal siyasəti ilə yalnız tranzit ərazisi deyil, həm də istehsal və ticarət mərkəzinə çevrilə bilər.
Əsas hədəf nəqliyyat axınlarının sadəcə Naxçıvandan keçməsi deyil, onların burada iqtisadi dəyərə çevrilməsidir. Bunun üçün logistika mərkəzlərinin, istehsal klasterlərinin və sənaye zonalarının yaradılması yeni investisiyalar, iş yerləri və ixrac imkanları formalaşdıra bilər.
Naxçıvanın perspektivləri enerji sahəsini də əhatə edir. Enerji infrastrukturunun modernləşdirilməsi, elektrik sistemlərinin inteqrasiyası və bərpa olunan enerji mənbələrinin inkişafı regionun enerji təhlükəsizliyini gücləndirə bilər. Xüsusilə “yaşıl enerji” layihələri Naxçıvanın gələcəkdə enerji baxımından daha dayanıqlı və müəyyən istiqamətlərdə ixrac potensialına malik regiona çevrilməsi üçün zəmin yarada bilər.
Bütün bu proseslərin siyasi fonunda Azərbaycan-Ermənistan sülh gündəliyi dayanır. Kommunikasiyaların açılması Azərbaycan üçün yalnız iqtisadi məsələ deyil. Bu, həm də regionda davamlı sülhün və qarşılıqlı iqtisadi asılılığın formalaşması üçün mühüm mexanizmdir.
Azərbaycanın yanaşması regiondakı bütün kommunikasiyaların açılması və ölkələr arasında nəqliyyat-iqtisadi əlaqələrin bərpasına əsaslanır. Belə bir model Cənubi Qafqazı qarşıdurma məkanından əməkdaşlıq coğrafiyasına çevirə bilər.
Bu baxımdan 2020-ci il Zəfərinin əhəmiyyəti yalnız hərbi nəticə ilə məhdudlaşmır. Azərbaycan əldə etdiyi siyasi və hərbi üstünlüyü sonrakı mərhələdə diplomatik təşəbbüslərə, nəqliyyat layihələrinə, iqtisadi əməkdaşlığa və regional inteqrasiyaya çevirmək imkanları qazanıb.
Naxçıvanın gələcəyi də bu strategiyanın mühüm hissəsidir. Qarşıda regional kommunikasiyalara inteqrasiya olunan, Türkiyə və İranla iqtisadi əlaqələri genişlənən, Azərbaycanın əsas hissəsi ilə daha etibarlı bağlantıya malik, logistika və istehsal imkanları artan Naxçıvan perspektivi dayanır.
Bu, Naxçıvan üçün sadəcə blokadadan çıxış deyil, yeni iqtisadi və geosiyasi rol qazanmaq mərhələsidir. Tarixən ticarət yollarının qovşağında yerləşən bu coğrafiyanın müasir dəmir yolları, avtomobil yolları, logistika mərkəzləri, enerji infrastrukturu və istehsal klasterləri vasitəsilə yenidən böyük Avrasiya xəritəsinə qayıtması mümkündür.
Naxçıvanın qarşısında artıq yalnız blokadanı arxada qoymaq deyil, regional iqtisadi və nəqliyyat qovşaqlarından birinə çevrilmək perspektivi dayanır. Bu proses uğurla reallaşarsa, Naxçıvan yolların kənarında yerləşən blokada regionu deyil, yolların üzərində yerləşən regional mərkəz kimi Azərbaycanın və Avrasiyanın yeni iqtisadi xəritəsində öz layiqli yerini tuta bilər.
Fərid Sahbazlı
Siyasi Şərhçi

