Yaxın Şərqdə və daha geniş İslam dünyasında təhlükəsizlik arxitekturasının dəyişdiyi bir vaxtda Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan arasında formalaşan müdafiə əməkdaşlığı yeni geosiyasi müzakirələrə yol açıb. Üç ölkənin hərbi əməkdaşlığının hansı təhlükələrə qarşı yönəldiyi, gələcəkdə hansı dövlətlərin bu mexanizmə qoşula biləcəyi və ittifaqın regional güc balansına necə təsir göstərəcəyi artıq əsas suallardan birinə çevrilib.

Mövzu ilə bağlı “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu Musavat.com-a danışıb: “Türkiyənin xarici işlər naziri Hakan Fidan bir neçə gün əvvəl suallara cavab verərkən İranın Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistanın yaratdığı müdafiə ittifaqının hədəfi olmadığını bildirib. Fidan sözügedən siyahıya İsrailin daxil olub-olmaması ilə bağlı suala isə “bizə təhdid yaratmayan ölkələr hədəf deyil” cavabını verib.
Pakistanın müdafiə naziri Xavaca Məhəmməd Asif isə İsrail mövzusunda bir qədər fərqli açıqlama verib. O müsəlman ölkələrini İsrailə qarşı birləşməyə çağırıb. Nazir Pakistan, Səudiyyə Ərəbistanı və Türkiyə arasında imzalanan müdafiə sazişinin İslam dünyasının daha geniş əməkdaşlıq mexanizminin əsasını təşkil edə biləcəyini bildirib. Pakistanın müdafiə naziri İsrail mövzusunu genişləndirərək bu ölkənin müsəlman ölkələri arasındakı fikir ayrılıqlarından istifadə etdiyini və dövlətləri bir-birinə qarşı qoymağa çalışdığını deyib.
Onun sözlərinə görə, İslam dünyası ümumi təhlükələr qarşısında koordinasiyalı şəkildə hərəkət etməlidir. O, İsrailin yaranmasını şübhə altına alaraq, bu ölkənin 1940-cı illərdə qanunsuz dövlət kimi qurulan Balfur Bəyannaməsinin məhsulu olduğunu vurğulayıb. İsraili “xərçəng dövləti” adlandıran Asif Fələstin məsələsinin birdəfəlik həll olunmayana qədər İslam dünyasının İsrailə qarşı birləşməsi vacibliyini bildirib”.
Elxan Şahinoğlu qeyd edib ki, Pakistan tərəfi bu əməkdaşlığı daha geniş müstəviyə çıxarmağa çalışır: “Xavaca Məhəmməd Asif Türkiyə-Səudiyyə Ərəbistanı-Pakistan ittifaqını İslam dünyasının birləşməsinin başlanğıcı kimi qiymətləndirib. Pakistanın müdafiə nazirinin İslam ölkələrinin yalnız ümumi hərbi və coğrafi təhdidlərə qarşı mövqelərini koordinasiya etməsinin deyil, həm də ikitərəfli fikir ayrılıqlarının həllinə çalışmasının mümkün olduğunu bildirib.
Pakistanın müdafiə naziri bu cümlə ilə İsrail məsələsində müsəlman ölkələri arasında fikir ayrılığının olduğunu etiraf edib. Misal üçün, Birləşmiş Ərəb Əmirlikləri İranla qarşıdurma fonunda İsraillə hərbi əməkdaşlığı genişləndirib. Azərbaycan da hərbi və enerji sahəsində İsraillə əməkdaşlığını davam etdirir. Ona görə də İsraillə qarşılıqlı faydalılıq əsasında əməkdaşlıq edən müsəlman ölkələrinin üçlü ittifaqa qoşulması problematikdir. Üçlü ittifaqa Misirin qoşulacağına dair xəbərlər yayılsa da, Qahirə də qərar verməyə tələsmir. Çünki Misir bir sıra hallarda İsraillə Fələstin arasında vasitəçilik rolunu oynayır. ABŞ və Avropa İttifaqı Misirin bu rolunu yüksək qiymətləndirir. ABŞ və Avropa İttifaqı məhz bunun əsasında Misirə maliyyə ayırır, ortaq layihələr həyata keçirir”.

