“Axios” portalının tanınmış jurnalisti Barak Ravid ABŞ-ın yüksək rütbəli rəsmilərinə istinadən Vaşinqton-Tehran xəttində yaranmış yeni maliyyə gərginliyi barədə mühüm məlumat yayıb.
Musavat.com xəbər verir ki, Amerikanın yüksək vəzifəli rəsmisi İran tərəfinin “Tehran heç bir şərt olmadan, 60 günlük danışıqlar başlamazdan əvvəl dondurulmuş aktivlərdən 12 milyard dollar əldə edəcək” bəyanatını qəti şəkildə təkzib edib və bu iddianı “faktların təhrif olunması” adlandırıb.
Amerikalı diplomat mövcud razılaşmanın əsas şərtlərini tam çılpaqlığı ilə ortaya qoyaraq bildirib ki, yayılan məlumatlar tamamilə reallıqdan uzaqdır. Onun sözlərinə görə, bu tarixi saziş sırf “öhdəliklərin icrası müqabilində fayda” prinsipinə əsaslanır.
Ağ Ev rəsmisi İran hökumətinə xəbərdarlıq edərək vurğulayıb ki, Tehran üzərinə götürdüyü bütün öhdəlikləri tam və qüsursuz şəkildə yerinə yetirməyənə qədər, dondurulmuş hesablardakı heç bir vəsait sərbəst buraxılmayacaq və İrana heç bir maliyyə qaynağı ötürülməyəcək.
Bu sərt bəyanat ABŞ-ın yeni saziş çərçivəsində Tehrana qarşı kompromisə getmək niyyətində olmadığını və hər addımı ciddi şəkildə yoxlayacağını bir daha sübut edir.


